Baş nazir Əli Əsədov sentyabrın 18-də "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar verib.
Həmin siyahı Nazirlər Kabinetinin 2005-ci il sentyabrın 28-də verdiyi qərarla təsdiqlənib.
Yeni qərarda vurğulanır ki, həmin siyahının 43-cü hissəsi ləğv edilsin. "...Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlər", - ləğv edilən bənddə göstərilir.
Müvəqqəti saxlanc - malların gömrük rəsmiləşdirilməsinə qədər qısamüddətli saxlanılması üçün nəzərdə tutulmuş xidmətdir. Gömrük anbarı isə malların gömrük nəzarəti altında uzunmüddətli və ya müəyyən şərtlər daxilində saxlanılması üçündür.
Müstəqil iqtisadçılar düşünür ki, yeni qərar anbarlarla bağlı tariflərin yüksəlməsinə səbəb ola bilər. Belədə sahibkarlar sərbəst şəkildə anbarlarına tariflər müəyyən edəcəklər.
Xatırlatma
Azərbaycanda son illər mal və məhsulların saxlanılmasına aid qiymətlərlə bağlı çoxsaylı şikayətlər eşidilir. Xüsusilə xaricə mal aparıb, mal gətirən yük maşını sürücüləri şikayətlənirlər ki, sənədlərlə bağlı gömrükdə problemlər yarananda bəzi hallarda həftə və aylarla sərhəddə gözləməli olurlar. Sürücülərin şikayətlərinə görə, belədə çox vaxt qazanc bir yana, ziyana düşürlər.
Oxşar şikayətlər tez-tez iş adamlarının dilindən də eşidilir. Ekspertlər düşünür ki, bundan sonra belə şikayətlər bir qədər də arta bilər.