Doğuş zamanı ana ölümünə görə təzminat tələbi. Xəstəxana 20 mini ödəmək istəmir

Arxiv fotosu

Bərdədə doğuş zamanı həyatını itirmiş Naibə Hüseynovanın ailəsi onun ölümünə görə təzminat tələb edir. Həyat yoldaşı Niyaməddin Hüseynov Səhiyyə Nazirliyi və Bərdə Rayon Mərkəzi Xəstəxanasına qarşı 50 min manat kompensasiya tələbiylə məhkəmədə iddia qaldırıb. Çünki 31 yaşlı N.Hüseynovanın həkim səhlənkarlığı üzündən ölməsini təsdiqləyən məhkəmə hökmü var.

Hökmə əsasən, Bərdə Rayon Mərkəzi Xəstəxanasının intensiv terapiya şöbəsinin həkimi, anestezioloq-reanimatoloq Elsevər Allahverdiyev Cinayət Məcəlləsinin CM-nin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə təqsirli bilinib. Ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Bərdə Rayon Məhkəməsinin bu hökmünü apellyasiya məhkəməsi də qüvvədə saxlayıb.

50 min manat istəyib, 30 min ödənilməsi barədə qərar verilib

N.Hüseynov məhkəmə iddiasında göstərib ki, təxminən 10 il evli olublar, iki uşaq böyüdüblar. Həyat yoldaşının ölümü ona və övladlarına böyük zərbədir:

“Hadisə Səhiyyə Nazirliyinin əməkdaşının – Bərdə Rayon Mərkəzi Xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş verib. Həyat yoldaşımın vəfat etməsilə əlaqədar keçirdiyim əzablara, dəymiş mənəvi zərərə görə kompensasiya tələb etmək hüququm var. Mənə dəymiş mənəvi ziyan ödənilməyib. Bu ziyan cavabdehlərdən alınıb ödənilməlidir”, – məhkəməyə şikayətində belə yazıb.

N.Hüseynov Səhiyyə Nazirliyi və xəstəxanadan birlikdə 50 min manat istəsə də, məhkəmə ona 30 min manat kompensasiya ödənilməsi barədə qərar çıxarıb. Üstəlik, məhkəmə qərar verib ki, 30 min manatı da yalnız Bərdə Rayon Mərkəzi Xəstəxanası ödəməlidir.

“Səhiyyə Nazirliyi bu tələbdə hər hansı cavabdehlik daşıyan tərəf deyil və ona qarşı iddia tələbi təmin edilə bilməz”, – qətnamədə belə yazılıb.

“Şəhid ailələrinə 11 manat kompensasiya verilir”

Xəstəxana da bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Ümumiyyətlə, xəstəxananın nümayəndəsi hələ Nəsimi Rayon Məhkəməsindəki çıxışında da iddia edirdi ki, N.Hüseynovun iddiası əsassızdır, təmin olunmamalıdır.

Apellyasiya şikayətində isə vurğulayıb ki, doğuş zamanı ana ölümünə görə məhkəmənin təyin etdiyi kompensasiyanın məbləği də çoxdur. Heç Qarabağ döyüşlərində həlak olanların ailələrinə o qədər təzminat vermirlər:

“44 günlük 2-ci Qarabağ Müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik 11 min manat kompensasiya ödənilib. Nəzərə almaq lazımdır ki, bu şəxslər öz maraqları üçün yox, dövlətin ərazi bütövlüyü və suverenliyi, ümumilikdə ölkə əhalisinin mənəviyyatına xidmət edən bir iş uğrunda şərəflə şəhid olub. Həkim səhlənkarlığndan vəfat etmiş şəxsin həyat yoldaşına 30 min manat kompensasiya verilməsi şəhidlərin ailə üzvlərinə münasibətdə ədalətsiz olmaqla, həm də cəmiyyətdə mənfi emosiyalar yarada bilər...”

Kompensasiya 20 min manata endirilib, amma...

Məhkəmənin Səhiyyə Nazirliyi ilə bağlı gəldiyi nəticə də narazılıq yaradıb. Apellyasiya şikayətində bu məsələyə də toxunublar. Vurğulayıblar ki, N.Hüseynovanın ölümündə təqsirli sayılan həkimin işə qəbulu Səhiyyə Nazirliyinin göndəriş məktubu əsasında həyata keçirilib. Həkimlərin peşəkarlıq səviyyəsini də bu nazirlik araşdırır.

Apellyasiya məhkəməsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının şikayətindən sonra kompensasiyanın məbləğini 20 min manata endirib. Lakin bu da xəstəxana rəhbərliyini qane etməyib. Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Təzminat tələb edən iddiaçı tərəf N.Hüseynov da qərardan narazı qalıb və Ali Məhkəməyə şikayət edib. İndi məsələni Ali Məhkəmə araşdırmalıdır.

Azərbaycanda doğuş zamanı ana ölümü ilə bağlı ötən ilə aid statistik göstəricilər hələ açıqlanmayıb. 2024-cü ildə isə ölkədə 29 qadın doğuş zamanı həyatını itirib. Ondan öncə 2023-cü ildə uşaq dünyaya gətirərkən ölən qadınların sayı 33 nəfər olub.