Rusiyanın Xabarovsk Uzaq Şərq regionunda qəzaya uğramış təyyarədəki altı nəfərin hamısının öldüyü güman edilir. Təyyarənin düşdüyü yeri ərazi üzərində uçuş həyata keçirən axtarış komandası aşkarlayıb.
Qəza yeri sentyabrın 23-də müəyyənləşdirilib. Antonov An-26 təyyarəsi bir gün öncə texniki uçuş zamanı itkin düşüb.
Rəsmilər küləyin və sərt relyefin vertolyotun enməsinə imkan vermədiyini deyir. Əraziyə xilasedicilər göndərilib.
Buna da bax: Kamçatkada təyyarənin qalıqlarının tapıldığı bildirilir
TASS və İnterfaks fövqəladə xidmətdəki mənbələrə istinadla “heç kəsin sağ qalmadığını” yazır.
Təyyarə Rusiya aeroportlarında texniki yoxlama aparan şirkətə məxsus olub, 42 ildi istismar olunurmuş.
An-26 mülki və hərbi nəqliyyat təyyarəsi 1969-1986-cı illərdə Sovet İttifaqında dizayn olunaraq hazırlanıb.
Rusiyada köhnəlmiş təyyarələrin uzaq regionlarda qəza etməsi qeyri-adi hal sayılmır.
İyulda Uzaq Şərqdə yerləşən Kamçatka yarımadasında An-26 təyyarəsi qəza edib, 28 nəfər həlak olub.