Qarabağ müharibəsi veteranı, Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti (ALÖV) Partiyasının sədri Rza Səfərsoy yanvarın 25-də amnistiya ilə azadlığa çıxıb. Bu haqda onun özü və yaxınları məlumat yayıb.
R.Səfərsoy 2023-cü il noyabrın 25-də saxlanmış, iki gün sonra barəsində həbs-qətimkan tədbiri seçilmişdi. 2024-cü il dekabrın 11-də Xəzər rayon Məhkəməsinin qərarı ilə 2 il 9 ay həbs cəzası almışdı. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə - qanunsuz silah saxlamaqda təqsirli sayılıb. İddia olunurdu ki, 2023-cü il noyabrında onun evindəki axtarışda "TT" markalı silah tapılıb.
Amma R.Səfərsoy ittihamı qurama sayırdı. Onun cəzasını başa vurmağa təqribən 7 ay qalırdı.
Amnistiya aktı icra olunduğu vaxtdan (dekabrın 22-dən) yanvarın 26-dək 12 min 336 şəxsə tətbiq edilib.
Ədliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, 4 min 977 şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib: "Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) iştirak etdiyinə görə 13 nəfər və Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 13 nəfər də cəzadan azad olunanlar arasında yer alıb... Amnistiya aktının icrası davam edir".
Ümumilikdə Amnistiya aktın 18 min civarında şəxsə şamil ediləcəyi gözlənir.
Bu aktın icrasına kimi hüquq müdafiəçiləri Azərbaycanda ümumilikdə 400-ə yaxın siyasi məhbus olduğunu açıqlamışdılar. Onların deməsinə görə, indiyə qədər onlardan Səfərsoydan əlavə 50 civarında şəxs amnistiyaya düşüb. Onların, əsasən, dindar kəsimdən narkotik ittihamı ilə həbs edilən şəxslər olduğu vurğulanır. Siyasi məhbus sayılanlardan həbsdə olan jurnalist və vətəndaş cəmiyyəti təmsilçilərindən amnistiyaya düşən olmayıb.
24 dekabr
Hüquq müdafiəçiləri Amnistiya aktını 'manipulyasiya' adlandırıblar
Vətəndaş cəmiyyətinin 15-dən çox təmsilçisi bəyanat yayaraq icrasına dekabrın 22-dən başlanan Amnistiya aktını "manipulyasiya" adlandırıblar.
Müəlliflərin fikrincə, elan edilmiş məqsədləri ilə Amnistiya aktı arasında ziddiyyətlər mövcuddur. Vurğulandığına görə, Aktın 1-ci bəndində amnistiyaya düşən şəxslərin dairəsi həssas sosial qrupları əhatələmək baxımından geniş götürülsə də, onun 2 və 3-cü bəndində amnistiyanı əhatə edən cinayət əməllərinin çərçivələri dar göstərilib: "Bu Amnistiya aktı nə ümumi məhbus sıxlığı problemini aradan qaldırdı, nə də siyasi məhbusların azad edilməsi üçün əsaslı töhfə verdi".
Hələlik bəyanata rəsmi qurumlar münasibət bildirməyib.
Amma siyasi məhbus siyahılarında yer alan 20 civarında şəxsin son Amnistiya aktı ilə artıq azadlığa buraxıldığı bildirilir. Onların, əsasən, dindar kəsimdən narkotik ittihamı ilə həbs edilən şəxslər olduğu vurğulanır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Amnistiya aktının icrası başladı: Siyasi məhbus sayılanlar da azad ediləcək?
22 dekabr
Amnistiya Aktının icrasına başlanıb
Dekabrın 22-də üç gün əvvəl Milli Məclisdə qəbul edilən Amnistiya aktının icrasına başlanıb.
Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
19 dekabr
Milli Məclis Amnistiya layihəsini qəbul edib
Milli Məclisdə ""Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib.
15 dekabr
Prezident amnistiya təşəbbüsü ilə çıxış edib
Prezident İlham Əliyev "Konstitusiya və Suverenlik İli" (2025) münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb.
Layihəyə əsasən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, bu əməliyyatlarda həlak olmuş, yaxud itkin düşmüş insanların yaxın qohumları, "Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı" nəticəsində əlil olanlar cəzadan və ya cinayət məsuliyyətindən azad edilməlidir.
Siyahıya həmçinin qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar da daxildir.
Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum olunan bir sıra şəxslər cəzadan azad edilməli və ya cəzalarının çəkilməmiş hissəsi azaldılmalıdır.
Layihə Milli Məclisə təqdim olunub.
Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı proqnozlaşdırılır.Habelə, sənəd əlavə olaarq azadlıqdan məhrumetməylə bağlı olmayan cəzalarla əlaqədar 10 mindən çox şəxsi də əhatə etməlidir.
Bundan öncə Azərbaycanda amnistiya 2021-ci ildə, "Zəfər Aktı" adı altında qəbul edilib. Ölkədə bir çox siyasi məhbus sayılan şəxslər həmin amnistiyaya düşməmişdi və bunu hüquq müdafiəçiləri tənqidlə qarşılamışdılar. Onlar deyirdilər ki, həmin Amnistiya aktı siyasi məhbus sayılan şəxslərdən cəmi iki nəfərə şamil edilib.
Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri əsassız sayırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Zahid Oruc
Deputat: "İstintaq altında olan şəxslər də amnistiyadan faydalana biləcəklər"
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyir ki, əfv sərəncamlarından fərqli olaraq Amnistiya qanunvericiliyə, cinayət məcəlləsinə tətbiq edilir.
Deputat düşünmür ki, layihədə siyasi məhbus kimi tanınan şəxslərə aid edilməməsi üçün ayrı maddələr seçilə bilər: "Əksinə, ona bütöv yanaşdığımızda daha obyektiv olacaq. Mən söylədim ki, hal-hazırda hökm çıxarılmayan, istintaq altında olan şəxslər də amnistiyadan faydalana biləcəklər. Əgər onların bu dəqiqə mühakimə edildiyi maddə amnistiyaya düşəcəksə".
Amma III Respublika Platformasının qurucu üzvlərindən Araz Əliyevin Amnistiya Aktı ilə bağlı böyük gözləntiləri yoxdur. Onun fikrincə, hakimiyyətin xüsusilə siyasi müxalifət, vətəndaş cəmiyyətinin üzvləri və jurnalistlərin həbsi ilə bağlı geri atmaq fikri yoxdur: "Bəli, bəzi şəxslərin buraxılma ehtimalı hər zamankından daha çoxdur. Hansı ki, onların məhkəmə prosesi bitib, onlara verilən həbs müddətinin bir hissəsi başa çatıb və artıq onların həbsdə qalmağının hakimiyyətə bu və ya digər şəkildə bir qazancı yoxdur".
Onun sözlərinə görə, belə insanlarla bağlı hansısa bir tədbirlər görülə bilər: "Amma yenə də unutmamaq lazımdır ki, Azərbaycan hakimiyyətinin avtoritar meylləri var və o, ona xüsusilə siyasi müstəvidə rəqib olan şəxslərlə amansız mübarizə aparır. O baxımdan, siyasi müstəvidə olan və fəaliyyəti sırf hakimiyyətə qarşı birbaşa yönələn şəxslərin hansısa formada azad olunacağı ilə bağlı, açığı, gözləntilərim azdır".