Ötən il dekabrın 22-də icrasına başlanan Amnistiya Aktının dörd ay ərzində 22 mindən çox şəxsə şamil edildiyi bildirilir.
Bu barədə aprelin 27-də Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, sayca 13-cü olan bu amnistiya aktı ümumilikdə 22 min 935 şəxsə şamil edilib.
"Amnistiya tətbiq olunan şəxslərin 5 min 348-i müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bundan əlavə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 min 555 nəfərin cəzasının çəkilməmiş müddəti altı ay azaldılıb. Azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş 9 min 714 şəxsə də amnistiya tətbiq edilib", - məlumatda bildirilir.
Bir sıra hüquq müdafiəçiləri bu Amnistiya Aktını tənqid edirlər. Onların fikrincə, akt ölkədə siyasi məhbus probleminə son qoymayıb.
Akta qədər ölkədə 400-ə qədər siyasi məhbus olduğu bildirilirdi. Aktın gedişində bu rəqəmin 340-a endiyi vurğulanırdı. Amma hazırda siyahılarda dəqiqləşdirmə aparılır.
2 aprel
Arif Yunus: "Siyasi motivlərlə məhkum edilmiş 122 nəfər azadlığa çıxıb..."
"Sülh və Demokratiya İnstitutunun məlumatına əsasən, 22 dekabrdan sonra ( institut həmin tarixdən əvvəl onların sayını 400-ə yaxın açıqlamışdı-red) siyasi motivlərlə məhkum edilmiş 122 nəfər azadlığa çıxıb. Onlardan 96 nəfəri dindardır, dörd nəfər isə "İmişli işi" üzrə məhkum edilmiş şəxslərdir..."
Bunu Sülh və Demokratiya İnstitutunun hazırda mühacirətdə olan əməkdaşı, hüquq müdafiəçisi Arif Yunus Facebook səhifəsində bildirib.
O əlavə edib ki, bölgələrdə dindarların həbsləri barədə məlumatlar onlara gec və pərakəndə şəkildə çatır: "Azərbaycanda yenidən şiə dindarların həbsləri başlayıb. Həbs olunanlar arasında hətta ötən ilin dekabrında azadlığa buraxılanlar da var. Lakin, təəssüf ki, bölgələrdə dindarların həbsləri barədə məlumat yenə də azdır, buna görə də yeni siyasi məhbuslar siyahısının hazırlanması gecikir".
Ötən ilin əvvəlində İmişli rayonunda polis maşının da iştirak etdiyi yol qəzasında üç uşağın ölümü ilə bağlı etirazlar baş vermişdi. Aksiyalarda iştirak edənlərdən 14 şəxs xuliqanlıq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmişdi.
Ayrı-ayrı hüquq müdafiəçiləri də əlavə edirlər ki, yekunlaşmaqda olan bu Amnistiya Aktına hazırda həbsdə olan 20-dən çox tənqidçi jurnalistdən biri belə düşməyib.
Hakimiyyət rəsmiləri isə, ümumiyyətlə, ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onların iddiasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Xatırlatma
Ötən ilin dekabrında Milli Məclisdə ""Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" qərar qəbul olunub. Amnistiya təşəbbüsü ilə prezident İlham Əliyev çıxış etmişdi.
Sənədə əsasən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlər, həmçinin, bu əməliyyatlarda həlak olmuş insanların yaxın qohumları cəzadan və ya cinayət məsuliyyətindən azad edilməlidir.
Siyahıya qadınlar, 60 yaşına çatmış şəxslər, böyük ictimai təhlükə törətməyən, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum olunan ...şəxslər də aid edilirdi.