Rusiya Baş Prokurorluğu 'Amnesty International' beynəlxalq insan haqları təşkilatını "arzuolunmaz" təşkilat elan edib.
Dövlət qurumu iddia edir ki, təşkilatın Londondakı mənzil-qərargahı Ukraynanın "himayədarları tərəfindən maliyyələşdirilən qlobal rusofob layihələrin hazırlanma mərkəzi"dir. Baş Prokurorluq hesab edir ki, 'Amnesty International'ın üzvləri "ekstremist" təşkilatları dəstəkləyir və "xarici agentlərin" fəaliyyətini maliyyələşdirir.
2025-ci ilin martında 'Amnesty International' illik hesabatını dərc edib. Həmin hesabatda bildirilib ki, Rusiya hakimiyyəti ukraynalı hərbi əsirləri və girov mülki şəxsləri işgəncələrə, xarici aləmlə əlaqəsiz şəkildə uzun müddət həbsdə saxlamağa, zorla yoxa çıxarma hallarına və digər qeyri-insani rəftarlara məruz qoyub. Hüquq müdafiəçiləri bildirirlər ki, belə rəftar hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə bərabərdir.
'Amnesty International' 1961-ci ildə Böyük Britaniyada yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onun işi, internet səhifəsində qeyd edildiyi kimi, insan hüquqları problemlərinin yerlərdə araşdırılması və təhlili, beynəlxalq həmrəylik kampaniyaları və insan hüquqlarının inkişafı üçün hökumətlər və vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıqdan ibarətdir.
"Amnesty"nin Rusiyaya cavabı: Səylərimizi ikiqat artıracağıq
"Amnesty International" Moskvanın təşkilatı "arzuolunmaz" elan etməsindən sonra Rusiyada insan haqları pozuntularını ifşa etmək üçün səylərini ikiqat artıracağına söz verib.
"Əgər hakimiyyət orqanları bizim təşkilatımızı "arzuolunmaz" elan etməklə insan haqları pozuntularını sənədləşdirmək və ifşa etmək işimizi dayandıracağımızı düşünürlərsə, dərindən yanılırlar – əksinə", - "Amnesty International"ın baş katibi Anyes Kallamar açıqlamasında bildirib.
"Biz təhdidlərə boyun əyməyəcəyik və Rusiyada insanların ayrıseçkilik olmadan insan haqlarından istifadə edə bilmələrini təmin etmək üçün əzmkar şəkildə fəaliyyətimizi davam etdirəcəyik. Ukraynada Rusiya tərəfindən törədilən müharibə cinayətlərini sənədləşdirməyə və dünya miqyasında bunu açıqlamağa davam edəcəyik. Həm ölkə daxilində, həm də xaricdə Rusiyanın açıq-aydın insan haqları pozuntularını ifşa etmək üçün səylərimizi ikiqat artıracağıq".
"Arzuolunmaz təşkilat" qanunu Rusiyada 2015-ci ildə qəbul olunub və xarici mənbələrdən maliyyə dəstəyi alan təşkilatları hədəf alır.
Rusiya siyahıdakı təşkilatların ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu iddia edir. Bununla belə, ekspertlər bunun sadəcə Rusiya hakimiyyətinin Kremlin fikirlərinə uyğun gəlməyən səsləri boğmaq cəhdi olduğunu deyir.
2024-cü ildə AzadlıqRadiosu da Rusiyada "arzuolunmaz"lar siyahısına salınıb.
Rusiya vətəndaşlarını "arzuolunmaz" təşkilatlarla əməkdaşlıq etdiklərinə və ya onların Rusiya daxilində maliyyələşdirilməsinə kömək etdiklərinə görə 5 ilə qədər həbs cəzası gözləyir.
Rusiya artıq üç ildir "Amnesty International"ın saytlarına girişi bloklayıb və Moskva ofisini qeydiyyatdan çıxarıb.