AMEA işçisinə 30 sutka verildiyi deyilir

Eldar Əmirov

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirovun polisə müqavimətdə ittiham olunduğu bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə təqsirləndirilib.

Xəbərə görə, ona 30 sutka həbs cəzası verilib.

Hələlik, məsələyə onun özü və vəkilindən münasibət almaq mümkün olmayıb.

***

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti Katibliyinin rəisi Eldar Əmirovun saxlandığı bildirilir.

Bu məlumatı "Turan"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov da təsdiqləyib. Onun sözlərinə görə, E.Əmirovu dünən, fevralın 14-də Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb: "Hazırda müvafiq araşdırmalar aparılır".

Bu məlumata, hələlik, AMEA və E.Əmirovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

AMEA-nın prezidenti Ramiz Mehdiyevin isə dünən, fevralın 14-də istefa verəcəyi açıqlanmışdı. Bu barədə məlumatı qurumun mətbuat xidməti yaymışdı. Məlumatda bu onun yaşı (1938-ci ildir) ilə əlaqələndirilmişdi. Son vaxtlar ölkədə bir çox elm adamları, siyasətçilər onun istefasını tələb edirdi.