6 xarici şirkət Azərbaycandan gedir

Azərbaycan, Vergilər Nazirliyi

Sentyabrın 20-də 6 xarici şirkətin Azərbaycandakı filiallarını və törəmə şirkətlərini ləğv etdikləri bəyan edilib.

Bu barədə Vergilər Nazirliyi nin məlumatında yazılır.

Azərbaycandan gedən şirkətlərin hamısı 2013-2016-cı illərdə təsis edilmişdi.

Onlardan "Obermeyer Project Management GmbH" şirkəti (Almaniya) 2013-cü ildə Bakıda filial açıb. Bir il əvvəl Dövlət Əmlak Məsələləri Komitəsinin yeni inzibati binasının tikinti işlərinin idarə edilməsi üzrə layihə-smeta sənədlərinin hazırlanması və konsultasiya xidmətləri üzrə tenderdə qalib gəldiyi söylənirdi. Müqavilələrin dəyəri 2 mln. 598,7 min manat dəyərləndirilirdi.

Almaniyanın digər şirkəti - "Heidelberg Cement AG" də Azərbaycanda öz filialını açmışdı. Onun, Akkord İnşaat-İstehsalat Korporasiyasının Qazax Sement Zavodunda 50 faiz payını aldığı bildirilirdi. Bu sazişdən sonra sement zavodunun nizamnamə kapitalı 800 mln. manata çatdırılıb. Filialın bağlanmasının səbəbləri haqqında, hələlik, məlumat verilmir.

"Tech Offshore Marine Azerbaijan" MMC, "Tech Electrics and Automation Azerbaijan" MMC, "Compass Offices Management Azerbaijan Limited" MMC və "Compass Delelopment Holdings VII Limited" şirkətinin filialı da bağlanır.

2015-ci ildə Azərbaycanda baş verən dalbadal 2 devalvasiyadan sonra bir sıra xarici şirkətlər Azərbaycanda fəaliyyətlərini dayandırıblar.Bu Azərbaycan iqtisadiyyatında kiçilmə və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edilib.

Azərbaycan hökumətinin rəsmiləri isə indi bəyan edirlər ki, əsas məqsədləri ölkəyə xarici investisiya cəlb etməkdir.