Almaniya milyarder Alişer Usmanovla razılığa gəlib, 10 milyon avro qarşılığında onun xarici ticarət qanunvericiliyinin pozması iddiaları üzrə istintaqı bağlayacaq. "Reuters" bunu Almaniya prokurorları və Usmanovun Almaniyadakı vəkillərinə istinadla yazır. Rusiya və Özbəkistan vətəndaşı olan milyarder Avropa İttifaqının (Aİ) sanksiyaları altındadır.
Vəkillər və prokurorlar bəyanatlarında Usmanovun bu şərtlə razılaşdığını, məbləğin tam ödənilməsinə göstəriş verdiyini bildiriblər.
İstintaq 2022-ci ilin aprel-sentyabrında Bavariyanın Rottax-Eqern şəhərciyində göl kənarındakı iki evin təhlükəsizliyi üçün 1.5 milyon avro ödəniş olunması iddiası ilə bağlıdır.
İstintaqın versiyasına görə, Usmanov Aİ-nin sanksiya qaydalarını pozub, zinət əşyaları, rəsmlər və şərabları Almaniyanın ixraca nəzarəti orqanı olan BAFA-ya bəyan etməyib. Usmanov isə hər hansı qanun pozuntusunu inkar edirdi.
"Bloomberg Billionaires Index"də Usmanovun sərvəti 18.8 milyard dollar göstərilir. O, Ukraynada müharibə başlayandan sonra Aİ və ABŞ sanksiyalarına, səyahət qadağasına məruz qalıb.
Vəkillərinə görə, milyarderin ödənişlərdə adı hallanan şirkətlərlə heç bir əlaqəsi yoxdur, o, sözügedən mülklərin sahibi olmayıb, yaxud onlara nəzarət etməyib. Onlar Aİ sanksiyalarının bu istintaqa birbaşa aidiyyəti olmadığını bildirirlər.
Münhen prokurorları ödəniş alındıqdan sonra icraatın dayandırılacağını deyiblər. 8.5 milyon avro Bavariya xəzinəsinə, 1.5 milyon avro isə məhbusların rifahı üzrə dövlət assosiasiyasına yönəldiləcək.
Usmanovun vəkilləri bildiriblər ki, işin bağlanması ilə vaxta və resurslara qənaət olunacaq. Onların sözlərinə görə, bu ödəniş nə cərimə, nə də cəza formasıdır.
2024-cü ilin noyabrında Almaniya prokurorları oxşar şərtlərlə Usmanova qarşı çirkli pulların yuyulması üzrə istintaqı da dayandırmışdılar.