Almaniyadan Azərbaycana 14 nəfər qaytarılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Readmissiya ilə Azərbaycana dönənləri nə gözləyir?

Avqustun 29-da Almaniyadan Azərbaycana 14 nəfər qaytarılıb. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Məlumata görə, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində gerçəkləşib.

"Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın (koronovirusla bağlı) müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib", - məlumatda bildirilir. Bu, onların bir müddətlik karantinə alındıqları deməkdir.

Readmissiya - saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olan şəxslərin geri qaytarılmasını nəzərdə tutulur.

Avropa İttifaqı ilə readmissiya ilə bağlı saziş imzalanan 2014-cü ildən indiyə kimi ümumilikdə 2.5 min civarında şəxsin Azərbaycana qaytarıldığı bildirilir. Gələnlər daha çox Almaniyadan qaytarılanlardır. Azərbaycanda belə iddialar var ki, son illər ölkəyə readmissiya edilən şəxslərdən bəziləri əvvəlki siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edilir. Amma rəsmilər belə iddialarla razılaşmırlar.

Buna da bax: Avropadan deport edilən: 'Qışda Kürdəxanı soyuq olur'

Xatırlatma

Son iki ildə Almaniyadan readmissiya edilən şəxslərdən azı altı nəfərin həbs olunduğu açıqlanmışdı. Onlardan dördünə narkotik, birinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini… qərəzli olaraq icra etməmə, digərinə isə bədənə xəsarət yetirmə ittihamı verilib. Həmin şəxslərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi sayırdılar. Onlardan bəzisi artıq buraxılıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.