Olaf Şolts: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü təmin olunmalıdır

Kansler Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb

Martın 14-də Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçirib.

AZƏRTAC-ın xəbərinə görə, əvvəlcə Almaniya kansleri Olaf Şolts mətbuat üçün bəyanatla çıxış edib.

Onun deməsinə görə, onlar prezident Əliyevlə Rusiyanın Ukraynaya ötən il başlanan hücumu haqqında da fikir mübadiləsi aparıblar:

“Həmçinin bu hücumun, bu müharibənin Azərbaycana və Cənubi Qafqaza təsiri haqqında da fikir mübadiləsi apardıq.”

Kanslerin fikrincə, o, öz mövqeyini açıq şəkildə ifadə edib:

“Bizim fikrimizcə, Rusiyanın təcavüz müharibəsi beynəlxalq hüquqa açıq şəkildə ziddir.”

O, əlavə edib ki, Almaniya Ermənistan-Azərbaycan sərhədində mövcud olan qeyri-sabit duruma görə, bir qədər narahatdır:

“Bizim arzumuz budur ki, bu münaqişə qısa bir zamanda, yerindəcə uzunmüddətli və qəbul olunan həllini tapsın. Burada sülh yolu ilə həll deyəndə təbii onu nəzərdə tuturuq ki, həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyü təmin olunsun. Eyni zamanda, hər iki ölkənin əhalisinin insan hüquqları və azadlıqları qorunmalıdır, beynəlxalq hüquqa uyğun olmalıdır.”

Şolts vurğulayıb ki, Avropa İttifaqının Ermənistanda mülki missiyası mövcuddur:

“Almaniya bu missiyanı dəstəkləyir və bu missiyanın rəhbəri Almaniya tərəfindən təmin edilib.”

İlham Əliyev: “ 5 prinsip…”

Prezident İlham Əliyev deyib ki, Azərbaycan və Ermənistan arasında indi sülhün zamanı çatıb:

“Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”.

Azərbaycan hələ ötən il mart ayının əvvəllərində Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinspi təqdim etdiyini açıqlamışdı.

Onlar dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi və nəqliyyat əlaqələrini bərpası ilə bağlı olub.

Ermənistandan deyilənlər…

Ermənistan isə öz növbəsində sülh danışıqları üçün beynəlxalq vasitəçilik istəmişdi.

Ermənistanın baş naziri Nikol Paşinyan bugün, martın 14-də mətbuat konfransında deyib ki, bu il fevralın ortasında sülh sazişinin mümkün layihəsinə növbəti reaksiyalarını Azərbaycana təqdim ediblər:

“2-3 gün öncə Azərbaycandan layihəmizə reaksiya almışıq”, – Paşinyan vurğulayıb.

O, detalları açıqlamayıb.

Onun deməsinə görə, Azərbaycan mümkün sülh sazişi vasitəsilə Ermənistan Respublikasına ərazi iddiaları formalaşdırmağa çalışır.

Son günlər həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Ötən həftə isə Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən itkilər olduğu açıqlanmışdı.

Ötən il sərhəddə tərəflərdən ümumilikdə 300 nəfərin həlak olduğu döyüşlər zamanı Ermənistan Azərbaycanı onun ərazisinə təcavüzdə, Azərbaycan isə qarşı tərəfi təxribatda günahlandırmışdı. Azərbaycan rəsmiləri deyirdilər ki, sərhədin delimitasiyası aparılmadığından iddialar düz deyil.

Azərbaycan və Almaniya prezidentlərti İlham Əliyev və Frank-Valter Ştaynmayer

Azərbaycan və Almaniya prezidentləri görüşüblər

Martın 14-də Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu ölkənin prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, onlar həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçiriblər.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer deyib ki, onlar vəziyyəti təhlil ediblər. O, əlavə edib ki, indi Rusiyanın Ukraynaya təcavüzündən bir il keçir:

“Bunun siyasi mühit, iqtisadi vəziyyət üçün nə kimi təsiri var? Bizim Azərbaycanla Ermənistan arasındakı münaqişə barədə danışmaq şansımız oldu. Hər ikimiz bunun uğura gətirib çıxaracağına həqiqətən ümid edirik. Bu, mürəkkəb bir münaqişədir.”

Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin apardığı missiyaya dəstək verdiyini qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev də deyib ki, onlar iki ölkə arasında münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün əllərindən gələni edəcəklər:

“Hesab edirəm ki, razılaşma əldə etmək üçün yaxşı şans var, xüsusən də ötən ilin oktyabrında Soçidəki görüşlərdən sonra Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı bir zamanda. Bu sazişi gec-tez imzalamaq yaxşı fikirdir.”

İlham Əliyev dünən, martın 13-də Almaniyaya gedib.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılıb.

ABŞ Brussel formatını dəstəkləyir. Amma ötən ilin sonlarında hər iki danışıqlar əsasən dayanıb.

Bununla belə ötən ay Avropa İttifaqı Şurası “sabitliyə töhfə vermək” məqsədi ilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Artıq Ermənistanda olan monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib.

Buna da bax: Venesiya Komissiyası: Siyasi partiyalar qanunu ciddi narahatlıq doğurur

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.