NATO ilə Rusiya arasında yüksək gərginlik fonunda Almaniyanın hökumət kabineti ölkənin silahlı qüvvələrinin sayını artırmaq və hərbi hazırlığı gücləndirmək üçün müəyyən qərarlar qəbul edib.
Hökumət kabineti könüllü hərbi xidməti nəzərdə tutan və çağırışçı sayı plan göstəricilərinə çatmadığı təqdirdə gələcəkdə hərbi mükəlləfiyyətə gətirib çıxara biləcək qanun layihəsini qəbul edib. Qanun layihəsini parlament də təsdiqləməlidir.
Almaniya Müdafiə Nazirliyi ümid edir ki, altı aylıq könüllülük proqramı hazırkı təxminən 100 minlik ehtiyatda olan təlim görmüş hərbçilərin sayını ikiqat artırmağa kömək edəcək və bəzi könüllülər sonradan aktiv xidmətdə karyera quracaqlar.
"Reuters"in məlumatına görə, müdafiə naziri Boris Pistorius NATO-nun hədəflərinə çatmaq və müdafiəni gücləndirmək üçün həm də xidmətdə olan hərbçilərin sayını 180 mindən 260 minə qədər artırmaq istəyir. Bu, hərbi xərclərin planlaşdırılan artımının bir hissəsidir və 2030-cu illərin əvvəlinədək həyata keçirilməsi nəzərdə tutulur.
Avqustun 27-də müdafiə naziri B.Pistorius və kansler Fridrix Merts qanun layihəsi ilə bağlı birgə mətbuat açıqlaması ilə çıxış ediblər.
Almaniya kansleri Merts bildirib ki, "Rusiya Avropada azadlığa, sülhə və sabitliyə ən böyük təhlükədir və bundan sonra da uzun müddət belə qalacaq".
Kanslerin sözlərinə görə, Almaniyanın təhlükəsizlik siyasəti buna cavab olaraq formalaşır. O, Almaniyanın NATO-nun Avropada ən böyük orduya malik ölkəsi olmaq məqsədini vurğulayıb.
Müdafiə naziri Pistorius isə deyib ki, Almaniya silahlı qüvvələri beynəlxalq təhlükəsizlik vəziyyətinə, xüsusən də Rusiyanın təcavüzkar davranışına cavab vermək üçün böyüməlidir.
"Bizə təkcə yaxşı təchiz olunmuş ordu lazım deyil, biz artıq iki il yarımdır ki, bunun üzərində işləyirik və dayanmayacağıq. Amma güclü kadrları olan orduya da ehtiyacımız var. Yalnız bundan sonra Rusiyaya qarşı bütövlükdə çəkindirmə siyasəti həqiqətən güvənilir olacaq", - Pistorius deyib.
Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə, kansler Angela Merkelin dövründə rəsmi şəkildə dayandırılıb.