Almaniya gələn ay keçiriləcək parlament seçkiləri vaxtı Latviyanın hava məkanını qorumaq üçün bu ölkəyə "Eurofighter" qırıcıları göndərəcək. Məlumatı Almaniya Müdafiə Nazirliyi yayıb.
Latviya 3 oktyabr parlament seçkiləri ərəfəsində NATO müttəfiqlərindən əlavə dəstək istəyib.
"Son həftələr və aylar dronların Baltikyanı ölkələrin hava məkanını dəfələrlə pozması fonunda Latviya hökuməti parlament seçkilərinin təhlükəsiz keçirilməsi üçün alyansdakı tərəfdaşlarına müraciət edib, hava məkanının müdafiəsində dəstək istəyib", – məlumatda deyilir.
Almaniya Müdafiə Nazirliyi bildirir ki, ölkə "xüsusilə şərq cinahında daha həssas vəziyyətdə olan müttəfiqlərinə etibarlı dəstək göstərir" və bu çərçivədə Latviyaya dörd "Eurofighter" qırıcısı göndərəcək.
Bu il Latviyada dronlarla bağlı bir neçə insident baş verib. İyun və avqustda qırıcı təyyarələr ölkə üzərində dronları məhv edib.
Ukrayna dronların Rusiyanın radioelektron mübarizə (REM) sistemlərinin fəaliyyəti nəticəsində Baltikyanı ölkələrin ərazisinə keçdiyini bildirib. Bununla belə, Litva və Estoniyanın xarici işlər nazirləri də Rusiyanı Ukrayna dronlarını qəsdən bu ölkələrə tərəf yönəltməkdə ittiham ediblər.