Azərbaycan və Almaniya prezidentləri Laçın dəhlizindən danışıblar

Almaniya və Azərbaycan prezidentləri Frank-Valter Ştaynmayer (solda) və İlham Əliyev (Arxiv fotosu)

Yanvarın 13-də Almaniya prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildiriblər və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Açıqlamaya görə, regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Azərbaycan-Ermənistan arasında danışıqları dəstəklədiyini vurğulayıb.

Prezident İlham Əliyev də Azərbaycanın həmin üçtərəfli format çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.

Buna da bax: Fransa parlamentinin spikeri 'status məsələsini Paris həll etmir' deyir

Eyni zamanda, telefon söhbətində Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub.

Məlumata görə, Azərbaycan dövlət başçısı bildirib ki, “Ermənistanın yolun blokada şəraitində olması barədə iddiaları yalandır”.

Onun vurğulamasına görə, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağ erməniləri internet, telefon və işığın kəsildiyini deyirlər

Laçın dəhlizində

Ötən il dekabrın 12-dən bir çox Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirir.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Aksiyaçılar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.

Bakı Qarabağdakı separatçı rejimi və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.

Qarabağda tanınmayan qurumun “dövlət naziri” kimi təqdim olunan Ruben Vardanyan isə AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna söyləyib ki, ‘bu ekoloji yox, siyasi məsələdir’.

Buna da bax: Qarabağda ən çox tələb edilən işlər və təklif olunan maaşlar

Avropa İttifaqının vasitəçiliyi

2021-ci ilin dekabrından Azərbaycan və Ermənistan arasında sülh danışıqları, əsasən, Avropa İttifaqının vasitəçiliyi ilə aparılırdı. Lakin ötən ilin sonlarından bu proses dayanıb.

Azərbaycan rəsmiləri buna səbəb kimi Ermənistanın bu danışıqlarda Fransa prezidentinin iştirakını istəməsini göstərib.

Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən son görüşdə Fransa prezidenti də iştirak etmişdi.

Azərbaycan rəsmiləri hesab edirlər ki, Fransa bu məsələdə bitərəf yox, Ermənistanın mövqeyindən çıxış edir.

Hərçənd Fransa rəsmiləri hesab edirlər ki, onlar iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıdırlar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyan: "Vəziyyəti daha da çətinləşdirən bəyanatlardan qaçmalıyıq"

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.