AfD Saksoniya-Anhalt seçkilərində qalib gəlir

"Almaniya üçün Alternativ" (AfD) ifrat sağçı partiyasının tərəfdarları Saksoniya-Anhalt əyalət seçkilərində qələbəni qeyd edirlər.

Almaniyanın sağçı populist "Almaniya üçün Alternativ" (AfD) partiyası ilk dəfə regional parlament seçkilərində inamlı qələbə qazanıb. Sentyabrın 6-da Saksoniya-Anhalt federal torpağında seçkilər keçirilib. ARD media şirkətinin keçirdiyi ekzit-polun nəticələrinə görə, seçicilərin 44.4 faizi "Almaniya üçün Alternativ"ə səs verib.

AfD-nin əsas rəqibi olan Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı (XDİ/XSİ) bloku böyük fərqlə ikinci yerdədir: o, səslərin 18.4 faizini toplayır. 5 faizlik baryeri keçən digər partiyaların heç biri 10 faizdən çox səs qazana bilməyib. Rəsmi nəticələr bu gün sentyabrın 7-də səhər saatlarında açıqlanacaq.

Beləliklə, AfD Saksoniya-Anhaltın regional parlamentində 83 deputat yerindən 39-nu əldə edəcək. Mütləq çoxluq qazanmaq üçün partiyanın cəmi üç mandatı çatmır. Bu səbəbdən AfD regional parlamentə (landtaq) keçən partiyalardan biri ilə koalisiya yaratmalı olacaq. Məsələ ondadır ki, Almaniyanın digər parlament partiyaları 2020-ci illərin əvvəllərində AfD ilə hər hansı əməkdaşlıqdan imtina barədə razılığa gəliblər.

AfD-nin həmsədri Alis Vaydel isə AfD-nin hökuməti formalaşdırmaq üçün aydın mandat aldığını bildirib.

Müşahidəçilər seçici fəallığının 76.5 faiz olduğunu deyirlər. Bu, 1990-cı ildən bəri ən yüksək göstəricidir.

"Reuters" yazır ki, seçkinin nəticəsi kansler Fridrix Mertsin mühafizəkarlarına sarsıdıcı məğlubiyyət yaşadıb, Almaniyada hakim koalisiyanın nə dərəcədə nüfuzdan düşdüyünü göstərib.

AfD artıq ölkə miqyasında ən populyar partiyadır, öz siyasi proqramını gerçəkləşdirmək üçün möhkəm dayaq qazanmağa çalışır. Partiyanın proqramına immiqrasiyanın kəskin məhdudlaşdırılması, Rusiya ilə əlaqələrin bərpası, Ukraynaya dəstəyin azaldılması və avrodan imtina daxildir. Partiya Almaniyanın miqrasiya siyasətinin sərtləşdirilməsini, təhsil sahəsində daha mühafizəkar normaların tətbiqini tələb edir.

AfD Kremldən maliyyə dəstəyi almaqda şübhəli bilinir. Partiyanın deputatları Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, "Vahid Rusiya" partiyasının simpoziumları kimi tədbirlərdə iştirak edirlər.

2023-cü ildə Almaniya Federal Konstitusiyanı Müdafiə İdarəsi AfD-nin Saksoniya-Anhalt təşkilatını "ifrat sağçı" elan edib.