Almaniyada Hannover yaxınlığındakı hərbi aerodromun ətrafına dron düşüb. Dronun qalıqları sentyabrın 14-də axşam saatlarında Aşağı Saksoniyadakı Ştaynhuder-Mer gölü ərazisində tapılıb. "Bild" nəşri və NDR teleradio şirkətinin məlumatına görə, polis dronun digər hissələrinin tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı aparır.
Dronun kimə məxsus olduğu bəlli deyil. Ondan hansı məqsədlə istifadə edildiyi də hələlik müəyyənləşdirilməyib.
Hadisə yerindən bir kilometr aralıda Almaniyanın Vunstorf hərbi aviabazası yerləşir. Bazada Almaniya Hərbi Hava Qüvvələrinin A400M hərbi nəqliyyat təyyarələri yerləşdirilib.
Avqustun 4-dən 5-n keçən gecə Leypsiq hava limanında tapılan dronun Ukraynaya məxsus nəqliyyat təyyarəsini hədəf aldığı məlum olub. Amma dronun təyyarənin qanadına çırpılaraq yerə düşdüyü və detonatoru sıradan çıxdığı üçün partlamadığı bildirilir. Daha sonra həmin ərazidə daha iki dron aşkarlanmışdı.
Almaniya hakimiyyəti hadisədə Rusiyanın əli olduğunu bildirib. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib ki, dronun parametrləri, əvvəllər digər hibrid hücumlarda istifadə edilmiş bəzi komponentləri araşdırıldıqdan sonra bu qənaətə gəlinib.
Sentyabrın 1-də Almaniya hakimiyyəti Berlindəki "Rus Evi"ni və Rusiyanın ölkədəki sonuncu baş konsulluğunu bağlamaq qərarını açıqlayıb. Moskva isə cavabında Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun və Rusiyadakı Höte mədəniyyət mərkəzlərinin fəaliyyətinə razılığını geri götürüb.