İlham Əliyev Türkiyəyə səfər edib, Ərdoğanla görüşüb

Prezident İlham Əliyevin martın 15-də Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Türk Dövlətləri Təşkilatının sammitlərinin əhəmiyyətindən bəhs edilib, bu toplantının Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.

Məlumata görə, görüşdə habelə, iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.

Rəsmi açıqlamaya görə, həmçinin, söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Amma Azərbaycan və Ermənistan arasında, hələlik, sülh müqaviləsi imzalanmayıb.

***

Azərbaycan prezidenti İlham Əliyev martın 15-də Türkiyəyəyə səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, səfərdən məqsəd Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının fövqəladə zirvə görüşündə iştirak etməkdir.

Toplantı martın 16-da Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

Görüş “Təbii fəlakət-fövqəladə halların aradan qaldırılması və humanitar yardım” mövzusuna həsr olunub.

Bu il fevralın 6-da Türkiyədə 7 baldan güclü iki zəlzələ baş verib. Nəticədə 48 mindən çox şəxsin həlak olduğu bildirilir.

TDT 2009-cu ildə yaradılıb. Azərbaycandan başqa Türkiyə, Qzaxıstan, Qırğızıstan və Özbəkistan bu təşkilatın üzvləridir.