Aprelin 5-də Düşənbədə Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyevin Emomali Rahmon ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
Görüşlər başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi keçirilib.
AZƏRTAC-ın xəbərinə görə, iki ölkənin daxili işlər nazirlikləri, gömrük komitələri və daha bir sıra qurumları arasında əməkdaşlıq sənədlərinə imzalar atılıb.
Həmçinin, “Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol” da imzalanıb.
Dövlət başçıları habelə mətbuat üçün bəyanatla çıxış ediblər.
Emomali Rahmon deyib ki, “energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğumuzu təsdiq etdik”
İlham Əliyev isə öz növbəsində vurğulayıb ki, “bugün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.”
Aprelin 5-də Azərbaycan prezidenti İlham Əliyev Tacikistana gedib.
İlham Əliyevin səfəri ərəfəsində Düşənbədə Tacikistan-Azərbaycan İnvestisiya Forumu keçirilib.
Forumda Tacikistanla Azərbaycanın nazirlik və idarə rəhbərləri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib.