Əliyevlə Patruşev Azərbaycan-Rusiya-İran əməkdaşlığından danışıblar

Nikolay Patruşev

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyev deyib ki, Azərbaycan ilə Rusiya arasında 2022-ci ildə “müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanmasından keçən dövrdə ikitərəfli münasibətlər həqiqətən müttəfiqlik xarakteri daşıyıb.

Məlumata görə, görüşdə qlobal və regional məsələlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, regional əməkdaşlıq məsələləri müzakirə olunub

Açıqlamaya görə, dövlət başçısı regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Habelə bildirildiyinə görə, söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Buna da bax: Paşinyan MDB-nin iclasına getməyəcəyini, Qarabağdakı sülhməramlıları qəbul etməyəcəyini deyib

Xatırlatma

3+3 formatı deyiləndə Rusiya, İran, Türkiyə habelə Azərbaycan, Gürcüstan və Ermənistan əməkdaşlığı nəzərdə tutulur.

"Şimal-Cənub" nəqliyyat dəhlizinin isə təməli 2000-ci ildə Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub.

Dəhlizin yaradılmasından məqsədin Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaq olduğu bildirilib.

Hazırkı marşrut üzrə çatdırılma vaxtı altı həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə bunun üç həftə olması gözlənilir.