Azərbaycan prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb:
“Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu”.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 22-də Azərbaycana gəlib.
Buna da bax:
İranın nüvə proqramı ətrafında gərginlik artırNazirlərin birgə mətbuat konfransı olub
Bakıda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın bugün, dekabrın 22-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, nazirlərin görüşdən sonra birgə mətbuat konfransında Bayramov deyib ki, onlar ikitərəfli əlaqələrin inkişafı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr aparıblar.
Onun sözlərinə görə, ən önəmlisi isə yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir:
“İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etmək üçün İran şirkətlərindən müraciətlər daxil olub. Hazırda İranın dövlət və özəl şirkətləri tərəfindən Qarabağ bölgəsində həyata keçirilməsi üçün layihələr təklif edilir. Bəzi layihələrin icrasına yaxın zamanlarda başlanılacaq”.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 22-də Azərbaycana gəlib.Onu bundan əvvəl Azərbaycan prezidenti qəbul etmişdi.
Ötən il Azərbaycan Ermənistanla müharibə nəticəsində işğal altında olan ərazisinin təqribən üçdə ikisini azad edib.
Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.