Ali məktəblərə qəbulda çağırışçılarla bağlı dəyişiklik var

Sizin brauzer HTML5-i dəstəkləmir

Misir Mərdanov:"Nazir olduğum dövrdə kənardan müdaxilələr olurdu, amma"

18 yaşı bu il mayın 1-dən sonra tamam olacaq əvvəlki ilin məzunları 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak edə biləcəklər. Bununla bağlı bu gün, martın 14-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Məlumatda bu, çoxsaylı vətəndaş müraciətləri ilə izah edilir: "Vətəndaşların təhsil almaq imkanlarının genişləndirilməsi məqsədilə 2022-2023-cü tədris ili üzrə Azərbaycan ali təhsil müəssisələrinə sənəd qəbulunda çağırışçılarla bağlı müəyyən dəyişikliklər edilib. 18 yaşı 01.05.2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin məzunlarına cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmələri üçün imkan yaradılıb".

Əvvəlki illərdə qeyd olunan kateqoriyadan olan vətəndaşlara belə bir imkan verilmirdi.

Xatırlatma

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirmişdi ki, bu il ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də iki dəfə cəhd imkanının verilməsi nəzərdə tutulur (Azərbaycanda qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə söhbət orta məktəblərin buraxılış imtahanından gedir): "III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər".