Ali Məhkəmə təqsirsizlik prezumpsiyası hüququnun pozulmasının məsuliyyətini açıqlayıb

Ali Məhkəmə

Təqsirsizlik prezumpsiyası şəxs barəsində qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan onun günahkar olmasına dair təsdiqedici ifadələrin işlədilməsi və ya məlumatların yayılmasını qadağan edir. Bu qadağa ibtidai istintaq və məhkəmə istintaqının aparıldığı dövrü də əhatə edir. Yalnız şəxsin məhkum edilməsi barədə məhkəmənin hökmü varsa və həmin hökm qanuni qüvvəsini almışsa, şəxs cinayət əməlini törətməkdə təqsirli bilinir.

Azərbaycan Ali Məhkəməsi ilk dəfə olaraq təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə bağlı məqamları beləcə "Şəxsiyyət hüquqlarının müdafiəsi" haqqında Plenum Qərarında açıqlayıb.

Ali Məhkəmədən AZƏRTAC-a bildirilib ki, bu baxımdan, xüsusən mediada xəbərlər dərc ediləndə bu məsələyə diqqət yetirilməli, şəxsin təqsirliliyinə dair qanuni qüvvəsini almış hökm olmadan onun hər hansı cinayəti törətməsi ilə bağlı təsdiqedici ifadələrdən çəkinilməlidir.

Vurğulanıb ki, Konstitusiyanın 63-cü maddəsi ilə təminat altına alınmış təqsirsizlik prezumpsiyası hüququna qanunsuz müdaxilə edilmiş şəxs mənəvi zərərin kompensasiyası tələbini irəli sürə bilər. Təqsirsizlik prezumpsiyası hüququnun cinayət mühakiməsi icraatının hansı mərhələsində pozulması isə vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir.

Xatırlatma

Azərbaycanda uzun illərdir müxalifət təmsilçiləri və tənqidçi jurnalistlər təqsirsizlik prezumpsiyası hüququnun pozulmasından şikayətləniblər. Onlar vurğulayıblar ki, bir çox hallarda ittiham tərəfinin əsassız iddiaları məhkəmələr başlanmadan hökumətə yaxın KİV-lərdə yayılıb. Nəticədə məhkəmə hökmü olmadan onlar cəmiyyətə cinayətkar kimi təqdim ediliblər.

Amma indiyə kimi Azərbaycanda təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunun tanındığına aid məlumatlara rast gəlinməyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mediada 'casus' damğası. Amma rəsmi ittiham narkotik. Ailələr hər iki iddianı yalanlayır