Ukraynanın Korrupsiyaya Qarşı Ali Məhkəməsi "Energoatom"dakı mənimsəmə işi üzrə keçmiş baş nazir müavini Aleksey Çernışovu 60 sutka həbsə məhkum edib. Ona 51.6 milyon qrivna (təxminən 1.23 milyon dollar) girov qarşılığında azadlığa çıxmaq imkanı verilib. Bu barədə AzadlıqRadiosunun Ukrayna xidmətinin müxbiri məhkəmə zalından xəbər verib. Çernışova bu iş üzrə qanunsuz varlanma ittihamı irəli sürülüb.
Hakim ittiham tərəfinin vəsatətinin qismən təmin olunduğunu bildirib.
Çernışov məhkəmənin həbs qərarını "şok və absurd" adlandırıb, şübhələrin əsassız olduğunu deyib.
İclasda prokurorluq təmsilçisi keçmiş məmurun 55 milyon qrivna (1.3 milyon dollar) girov qarşılığında həbs olunmasını xahiş edib. İttihama görə, bu, Çernışovun mümkün qanunsuz varlandığı bildirilən məbləğə bərabərdir.
NABU bildirib ki, detektivlər şübhəliyə və onun etibar etdiyi şəxsə ümumilikdə 1.2 milyon ABŞ dollarından çox və təxminən 100 min avro nağd pul verilməsi faktını azı üç epizod üzrə sənədləşdiriblər. Sübutlar arasında vəsaitlərin verilməsinin detallarının müzakirə olunduğu gizli dinləmə yazıları da var.
Prokuror onu da deyib ki, "Professor" ləqəbli fiqurantlardan birinin Çernışovun həyat yoldaşı Svetlana olduğu ehtimal edilir.
İttihamları rədd edir
Çernışovun vəkilləri və özü ittihamları rədd edirlər. Keçmiş baş nazir müavini deyib ki, "Energoatom"la heç bir əlaqəsi olmayıb, istintaqın ona qanunsuz yolla əldə edilmiş pulun verilməsini sübut edən dəlilləri yoxdur.
Çernışov məhkəmədə bildirib ki, istintaq materiallarında adı keçən digər fiqurantları tanımır. O, həmçinin SAPO və NABU əməkdaşlarının ona aid etdikləri "Çe Qevara" ləqəbi barədə heç nə bilmədiyini deyib. Ancaq etiraf edib ki, lent yazılarındakı səs onunkuna bənzəyir.
Keçmiş məmur istintaqın "pulyuma məkanı" adlandırdığı ofisdə olduğunu təsdiqləyib. İttihama görə, Çernışov məhz orada pul alıb. O isə iddia edir ki, həmin yerə intellektual klub görüşünə gedib.
Təqsirli bilinsə, Çernışovu 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə və 3 il müddətinə vəzifə tutma qadağası gözləyir.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna AES-lərinin operatoru "Energoatom" şirkətində genişmiqyaslı mənimsəmə sxeminin aşkarlandığını bildirir. NABU-nun məlumatına görə, bu sxem vasitəsilə 100 milyon dollar leqallaşdırılıb.