Albaniyada kütləvi etiraz aksiyaları artıq altıncı gündür ki, davam edir. Etirazlar zamanı polislə toqquşmalar, zorakılıq halları və yanğınlar baş verir. Ölkənin baş naziri Edi Rama bildirib ki, ölkə rəhbərliyi etirazların qızışdırılmasında Rusiya və İranın əli olduğunu düşünür.
"Özlərini təbiəti qorumağa çalışan albanlar kimi təqdim etmək üçün on minlərlə saxta profil yaradılıb və bu profillərdən fəal istifadə olunub. Terrorçu İran Respublikası da minlərlə belə profildən istifadə edib", – deyə Rama bunun təsadüf olmadığını vurğulayıb.
Albaniyanın baş naziri bundan əvvəl Rusiyanın da etirazlarda mümkün iştirakından danışmışdı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə onu öz məsuliyyətini başqalarının üzərinə atmamağa çağırıb.
Mayda Albaniyada, Zvernets sahil mühafizə zonasında lüks turizm kompleksinin tikintisi planlarına qarşı "Flaminqo inqilabı" şüarı ilə etirazlar başlayıb. Sonradan etirazçılar korrupsiyaya, iqtisadi bərabərsizliyə və ölkənin sol-mərkəzçi hökumətinin yürütdüyü siyasətə qarşı çıxmağa başlayıblar.
Oktyabrda tələbələrin də aksiyalara qoşulmasından sonra etirazlar yenidən güclənib. Təşkilatçılar buna səbəb kimi təhsil haqlarının yüksək olmasını, universitetlərdəki pis şəraiti, korrupsiyanı və iş tapmaq perspektivlərinin olmamasını göstəriblər.
Oktyabrın 13-də polislə baş verən ilk toqquşmalardan sonra təşkilatçılar hərəkatın əsas məqsədinin Edi Rama hökumətinin istefası olduğunu bəyan ediblər.