Çovdarovun işində prokuror fikrini dəyişdi

Akif Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov və onun tabeliyində işləmiş daha üç nəfər – Səlim Məmmədov, Akif ƏliyevOrxan Osmanov məhkəmənin hökmünü gözləyir. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və daha iki hakim MTN generalı və işçilərinə hökm çıxarmaq üçün bir həftədən çoxdur ki, müşavirədədir.

Çovdarovgilin işində zərərçəkmiş qismində tanınmış şəxslərdən 16 nəfərini prokurorluq mənəvi ziyan çəkdiklərinə görə bu statusda tanıyıb. İttihamda göstərilib ki, bu adamlar MTN-ə aparılıb qanunsuz saxlanılsalar da, pulları alınmayıb, mənəvi-psixoloji sarsıntı keçiriblər. Digər zərərçəkmişlərin isə qanunsuz saxlanıldıqları, onlardan hədə-qorxu ilə pul və əmlaklarının alındığı bildirilir.

***Buna da bax-Akif Çovdarov: 'Nəzərə almamışdılar ki, mən zəif adam deyiləm'

Zərərçəkmişlər məhkəmədə Çovdarov və digərlərinə qarşı mülki iddialar qaldırmışdılar. Onların arasında sırf mənəvi ziyana görə qaldırılmış iddialar da vardı.

İndi məlum olur ki, Çovdarovgilin işi üzrə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror mənəvi ziyana görə MTN-çilərə qarşı qaldırılmış mülki iddiaların təmin olunmamasını istəyib. Bu haqda mühakimə olunan keçmiş MTN-çilərdən S.Məmmədovun vəkili Cavid Rzazadə məlumat yayıb.

«Səlim Məmmədov və digərlərinin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının sonunda dövlət ittihamçısının maraqlı məzmunda çıxışı oldu. O, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı müdafiə etdiyini bildirsə də, çıxışının sonunda «zərərçəkmiş şəxslərə mənəvi zərərin vurulması sübuta yetirilmədiyindən, bununla bağlı hissədə mülki iddiaların təmin olunmamasını xahiş edirəm» dedi. Maraqlı hal budur ki, 16 nəfər guya məhz mənəvi zərər çəkdiklərinə görə zərərçəkmiş qismində tanınıb, dövlət ittihamçısı isə özü qalxıb deyir ki, mənəvi zərərin vurulması sübuta yetirilməyib. Dolayısı ilə bu hal ittihamdan qismən imtina hesab olunmalıdır», – vəkil bildirib.

***Buna da bax-MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

XATIRLATMA

Akif Çovdarov və işçiləri 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra həbs olunub. Ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib.

Prokuror A.Çovdarovun 15 il, S.Məmmədovun 12 il, O.Osmanov və A.Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. A.Əliyev və O.Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.