Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 10-da “Şəntürk və başqaları Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb.
Türkiyə vətəndaşları olan bu şəxslərin saxlanaraq Azərbaycandan deportasiya edilməsi “məhkəməsiz təhvilvermə” hesab edilib.
AİHM bu işdə Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin (azadlıq və təhlükəsizlik hüququ) və 3-cü maddəsinin (qeyri-insani, yaxud alçaldıcı rəftarın qadağan edilməsi) pozulduğunu müəyyənləşdirib.
Dörd ərizəçi Azərbaycanda Gülen hərəkatına bağlı özəl məktəblərdə işləyiblər. Onların saxlanaraq Azərbaycandan Türkiyənə təhvil verilməsindən məhkəməyə şikayət göndərilmişdi.
Məhkəmə Azərbaycan üzərinə hər bir ərizəçiyə mənəvi ziyan olaraq 9 min avro ödənməsi öhdəliyi qoyub.
Türkiyə ABŞ-da yaşayan ilahiyyatçı Abdulla Güleni 2016-cı il dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham edir. Gülen isə ittihamları rədd edir.