Avropa Məhkəməsi ermənilərin və azərbaycanlının şikayətlərinə baxıb

Avropa İnsan Hüquqları Məhkəməsi

Oktyabrın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan və Ermənistan vətəndaşlarının işləri üzrə qərarlar çıxarıb.

Bunlardan biri də Qurbanovun Ermənistandan şikayəti (Gurbanov v. Armenia) idi.

Şikayətçi, 1968-ci il doğumlu Salman Qurbanov Azərbaycan vətəndaşıdır və Bakıda yaşayır.

Onun Azərbaycan ordusunun hərbçisi olmuş 22 yaşlı oğlu 2016-cı ilin dekabrında Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarda həlak olub. Onun meyiti Ermənistanın Tavuş rayonu ərazisində tapılıb.

Şikayət məhz onun cənazəsinin verilməsinin Ermənistan hakimiyyəti tərəfindən ləngidilməsi barədə idi. Cənazə ailəyə yalnız 5 fevral 2017-ci il tarixində qaytarılıb.

Bu işə Avropa İnsan Haqları Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmətsizlik) və 14-cü (diskriminasiyanın qadağanı) maddələri ilə baxılıb.

Məhkəmə bu işdə bu maddələrin pozulmadığına dair qərar çıxarıb.

Buna da bax: Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul etdi

Azərbaycandan 10 min avro təzminat

Daha bir şikayət Ermənistan vətəndaşları Qazaryan və Bayramyan tərəfindən Azərbaycana qarşı (Ghazaryan and Bayramyan v. Azerbaijan) verilmişdi.

Şikayətçilər - 1959-cu il doğumlu Armen Qazaryan və 1959-cu il doğumlu Astğik Bayramyan Ermənistanda Azərbaycanla həmsərhəd Berdavan kəndində yaşayırlar.

Şikayət bu şəxslərin 39 yaşlı oğlunun 2018-ci ilin iyulunda Azərbaycan tərəfindən saxlanmasından idi.

Azərbaycan məhkəməsi onu diversiya və terrora cəhd ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum etmişdi. O Ermənistana 2020-ci ildə əsir mübadiləsi çərçivəsində qaytarılıb.

Bu işə Avropa Konvensiyasının 3-cü (qeyri-insani və alçaldıcı rəftar) və 5-ci (təhlükəsizlik və azadlıq hüququ) maddələri üzrə baxılıb.

Məhkəmənin qərarında deyilir ki, şikayətçilərin oğlunun hüquqları 5-ci maddənin 1-ci, 3-cü paraqrafları üzrə pozulub, 3-cü maddə üzrə isə pozuntu olmayıb.

Şikayətçilərə təzminat şəklində 10 min avro, məhkəmə xərcləri üzrə 3225 avro ödənilməsinə dair qərar çıxarılıb.