Aİ 'Valday' üzvlərinə, 'rusofillər hərəkatı'na sanksiyalar tətbiq edib

Rusiya prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib. Blok ölkələrinin xarici işlər nazirləri dekabrın 15-də iclasda belə bir qərar veriblər.

"Kölgə donanması" adlanan strukturda rolu olan beş fiziki və dörd hüquqi şəxsə sanksiyalar tətbiq edilib. Aİ onların Rusiya neft ticarətinə məhdudiyyətlərdən yan keçməklə kömək etdiyini deyir. Azərbaycan vətəndaşları Tələt Səfərov Etibar Eyyub, Pakistan və Kanada vətəndaşı Murtaza Əli Lahani, eləcə də BƏƏ və Vyetnam şirkətləri sanksiya siyahısına salınıb. Siyahıya kölgə donanmasına aid daha 40 gəmi də əlavə olunub.

Aİ Şurası sanksiya siyahısındakı 12 fiziki və iki hüquqi şəxsin Rusiyanın hibrid əməliyyatlarında, o cümlədən dezinformasiya ilə bağlı fəaliyyətlərdə iştirak etdiyini bildirir. Sanksiyaya məruz qalanlar arasında "Valday" Beynəlxalq Diskussiya Klubunun ekspertləri də var. "Rossiya v qlobalnoy politike" jurnalının baş redaktoru Fyodor Lukyanov, Rusiya Milli Tədqiqat Universiteti – Ali İqtisad Məktəbinin Kompleks Avropa və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov, MQİMO-nun Beynəlxalq münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov, "Valday" klubunun proqram direktoru İvan Timofeyev və klubun Direktorlar Şurasının sədri Andrey Bıstritski siyahıda yer alıb.

İnternetdə rusiyayönlü narrativlər yayan bəzi şəxslər də sanksiya siyahısındadır. ABŞ və Rusiya vətəndaşı, Florida ştatında keçmiş şerif köməkçisi Con Duqan, QRU-nun zabitləri olduğu bildirilən Vladislav Borovkov, Dmitri Qoloşubov Denis Denisenko, rusiyapərəst mövqeli ukraynalı jurnalist Diana Pançenko, isveçrəli keçmiş zabit Jak Bo, fransalı keçmiş zabit Ksavye Moro siyahıdadır.

Rusiya Silahlı Qüvvələrinin radioelektron mübarizə üzrə 142-ci batalyonu və müxtəlif ölkələrdən rusiyayönlü fiqurları birləşdirən "Beynəlxalq rusofillər hərəkatı" da sanksiya siyahısına salınıb.

Bu, sayca 20-ci sanksiya paketi deyil. Bu paket hələ hazırlanma mərhələsindədir.