Avropa İttifaqının (Aİ) ombudsmanı Tereza Anyinyu Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı rəsmi araşdırmaya başlayıb. Araşdırmaya səbəb Komissiyanın Ukrayna prezidenti Volodimir Zelenski və digər Avropa liderlərinin daxil olduğu qapalı çatdakı yazışmalara çıxış icazəsi verməkdən imtina etməsidir. Bu barədə "Berliner Zeitung" məlumat yayıb.
Həmin qapalı qrupda Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corca Meloni və Böyük Britaniyanın baş naziri Kir Starmer də yer alıb.
Araşdırma yazışmaların məzmunu ilə deyil, Avropa Komissiyasının həmin mesajları açmaqdan imtina etməklə şəffaflıq qaydalarını mümkün şəkildə pozması ilə bağlıdır.
Çatın mövcudluğu bu ilin yanvarında məlum olub. Bundan sonra Niderlandın "Follow the Money" araşdırmaçı nəşri yazışmalara çıxış tələb etsə də, rədd cavabı alıb. Avropa Komissiyası materialların dərcinin Aİ-nin üçüncü ölkələrlə beynəlxalq münasibətlərinə zərər vura biləcəyini bildirib. KİV-in məlumatına görə, yazışmalarda digər məsələlərlə yanaşı, Avropa liderlərinin ABŞ prezidenti Donald Trampla qarşılıqlı fəaliyyəti də müzakirə olunub.
Araşdırmanın bir neçə ay davam edəcəyi gözlənilir. İyulun ortalarınadək Avropa Komissiyasının nümayəndələri işin detallarını müzakirə etmək üçün Avropa ombudsmanının ofisi ilə görüşməlidirlər.