Aİ Ukraynaya qarşı müharibənin iştirakçılarına giriş qadağası tətbiq edə bilər

Ursula fon der Lyayen

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyunun 9-da Rusiyanın Ukraynada işğalçı müharibəsi ilə əlaqədar 21-ci sanksiyalar paketinin layihəsini təqdim edib.

Qurum Ukraynaya qarşı işğal və döyüş əməliyyatlarının bütün iştirakçıları üçün Avropa İttifaqına girişin tam qadağan olunmasını təklif edir. Qadağa 2022-ci ildən Rusiya Silahlı Qüvvələrində xidmət etmiş bütün şəxslərə viza verilməsinin dayandırılması yolu ilə həyata keçiriləcək.

Bundan başqa “kölgə donanması” adlandırılan daha 30 gəminin sanksiya siyahısına salınması, 31 bankla əməliyyatların qadağan edilməsi təklif olunur. Müxtəlif avtomobil ehtiyat hissələri və balıq məhsullarının idxalına qadağa, aerokosmik sənayedə istifadə olunan metallar və ərintilər sahəsində məhdudiyyətlərin tətbiqi, daha 170 fiziki və hüquqi şəxsin qara siyahıya salınması da nəzərdə tutulur.

Enerji sektorunda da yeni məhdudiyyətlərin tətbiqi gözlənilir. Xüsusilə, Rusiya neftinə qiymət tavanı bir barel üçün 44,1 dollar səviyyəsində dondurula bilər. Hazırkı qaydalara əsasən, dünya bazarında neft qiymətlərinin artması səbəbindən bu limit yaxın vaxtlarda yüksəlməli idi. Bu haqda Aİ-nin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

Sanksiyalardan yayınma hallarına qarşı, o cümlədən üçüncü ölkələrdə fəaliyyət göstərən şirkətlərə qarşı da əlavə tədbirlərin görüləcəyi gözlənilir. Digər detallar hələ açıqlanmayıb. Sanksiya siyahısına salınması planlaşdırılan şəxslərin adları hələ bəlli deyil.

Aİ bundan əvvəl bildirmişdi ki, 21-ci sanksiyalar paketi iyunun ortalarında təsdiqlənə bilər. Viktor Orban Macarıstanda seçkilərdə məğlub olduğundan bu ölkənin əvvəlki kimi paketin qəbulunu bloklamayacağı gözlənilir.