Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır – siyahıda Patriarx Kirill və Vahid Ələkbərov da var

Patriarx Kirill prezident Vladimir Putinin yaxın məsləhətçisi kimi qəbul edilir.

Avropa İttifaqı (Aİ) Rus Pravoslav Kilsəsinin patriarxına, Beynəlxalq Şahmat Federasiyasının rusiyalı rəhbərinə və digər şəxslərə qarşı sanksiyaları nəzərdən keçirir.

AzadlıqRadiosunun əldə etdiyi sənədə əsasən, Aİ Rusiyaya qarşı yeni maliyyə sanksiyaları paketi üzərində işləyir. 27 üzvü olan blokda qərarın qəbulu üçün bütün ölkələrin yekdil razılığı tələb olunur. Qərarın iyunun sonu və ya iyulun əvvəlində qəbul ediləcəyi gözlənilir.

Patriarxın Ukraynadakı müharibəyə dəstəyi

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillə sanksiya tətbiq edilməsi Aİ üçün mühüm addım sayılır. Blok indiyədək dini liderləri hədəfə almaqdan çəkinib. Kirill Kremlə və prezident Vladimir Putinə yaxın fiqur hesab olunur. Rusiyada ən böyük xristian konfessiyasına rəhbərlik edən Kirill Moskvanın Ukraynada beşinci ildir davam etdirdiyi işğalçı müharibəyə açıq dəstək və xeyir-dua verib.

Bu, Rus Pravoslav Kilsəsi ilə Moskva Patriarxlığından rəsmən ayrılmış Ukrayna Pravoslav Kilsəsi arasında parçalanmanı dərinləşdirib. İsveçrədə məxfiliyi qaldırılmış sənədlərdə Kirillin vaxtilə sovet kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi iddia olunur. Aİ-nin sənədində deyilir ki, Kirill "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini ardıcıl şəkildə əsaslandırıb və dəstəkləyib", hətta onu "müqəddəs müharibə" adlandırıb.

Vladimir Medinski və digərləri

Sanksiya siyahısına salınması təklif olunan digər şəxslər arasında tarixçi Vladimir Medinski də var. Bir çox akademiklər onu Rusiya və Ukrayna tarixinə dair şərhlərinə görə tənqid ediblər. Medinski Putin dövründə mədəniyyət naziri vəzifəsində çalışıb və Ukrayna ilə danışıqlarda Rusiyanın nümayəndə heyətinin üzvü olub.

Onun rəhbərliyi ilə hazırlanan Rusiya tarix dərsliklərində Ukraynaya qarşı işğal belə əsaslandırılır: "Qərb diqqətini Rusiyanın daxilində sabitliyi pozmağa yönəltmişdi. Məqsədlərini gizlətmirdilər: Rusiyanı parçalamaq və onun resurslarına nəzarəti ələ keçirmək". Aİ-nin təklifində Medinski "hökumət təbliğatının əsas fiqurlarından biri" adlandırılır.

Təklif olunan sanksiya siyahısında 42 nəfərin adı yer alır. Onların arasında Rusiyanın keçmiş baş nazir müavini, hazırda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Rusiyanın idman naziri Mixail Deqtyaryov və Rusiyanın ən böyük özəl neft şirkəti olan "Lukoil"un rəhbəri Vahid Ələkbərov da var.