Aİ-nin keçmiş xarici siyasət rəhbəri Moqerini dələduzluq və korrupsiyada ittiham olunur

Federika Moqerini

Avropa İttifaqının keçmiş xarici siyasət rəhbəri Federika Moqerini və daha iki nəfərə satınalma ilə bağlı dələduzluq və korrupsiya, maraqlar toqquşması və peşə gizliliyinin pozulması ittihamları irəli sürülüb. Bunu Avropa Prokurorluğu (EPPO) dekabrın 3-də bildirib.

EPPO bir gün öncə üç nəfərin Aİ-nin dələduzluqla bağlı istintaqı çərçivəsində saxlanıldığını, istintaq müddətdə azadlığa buraxıldıqlarını bildirib. Prokurorluq onların istintaqdan yayınma riskinin olmadığını qeyd edib.

Digər iki şübhəli şəxsin isə Brüqqedə yerləşən Avropa Kollecinin yüksəkvəzifəli əməkdaşı və Avropa Komissiyasının yüksəkvəzifəli rəsmisi kimi təqdim olunub. "Reuters" üç mənbəyə istinadla saxlanılanlardan birinin Aİ-nin vəzifəli diplomatı Stefano Sannino olduğunu yazır.

Moqerini və Sanninodan şərh almaq mümkün olmayıb.

"Belçikanın səlahiyyətli məhkəmələri günahkar olduqlarını sübut edənədək bütün şəxslər günahsız sayılırlar", – EPPO bildirib.

Həbslərdən öncə Brüsseldə Aİ diplomatik xidmətində, Brüqqedəki Avropa Kollecində və şübhəlilərin evlərində reydlər keçirilib. Aİ rəsmilərinin çoxu sözügedən elit universitetdə təhsil alıb.

Moqerini 2014-2019-cu illərdə Aİ-nin xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və diplomatik xidmətinin rəhbəri olub. 2020-ci ildə Avropa Kollecinin rektoru təyin edilib.

EPPO-ya görə, istintaq Aİ-nin gənc diplomatlar üçün maliyyələşdirdiyi təlimlərlə bağlı ehtimal dələduzluq üzrə aparılır.

İtaliya vətəndaşları olan Moqerini və Sannino Brüsseldə diplomatik dairələrində yaxşı tanınırlar. Onların saxlanılması xəbəri Aİ ictimaiyyətində şok yaradıb.