Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının Tbilisi ilə insan hüquqlarının müdafiəsinə dair dialoqu təxirə salması ilə bağlı bəyanat yayıb. Qurum qeyd edir ki, Aİ-nin Gürcüstanla bütün səviyyələrdə dialoqu dayandırmasına baxmayaraq, Tbilisi insan hüquqları ilə bağlı qarşıdakı görüşü Brüssel ilə əməkdaşlıq imkanı, Gürcüstanın tez-tez tənqid olunduğu məsələlərin müzakirəsi üçün fürsət kimi qiymətləndirirdi.
"...Avropa tərəfi sözügedən görüşü tamamilə qəbuledilməz və əsassız bəhanə ilə təxirə saldı. Bu mövzudan növbəti siyasi manipulyasiya üçün istifadə olunması ciddi şübhələr doğurur və elə təəssürat yaradır ki, Avropa Xarici Fəaliyyət Xidməti görüşün keçirilməsində səmimi maraqlı olmayıb", – bəyanatda deyilir.
AzadlıqRadiosunun gürcü xidməti xəbər verir ki, görüşün təxirə salınmasına nümayəndə heyətinə sanksiya altında olan məmurun salınması səbəb olub. Söhbətin daxili işlər nazirinin müavinindən getdiyi güman edilir. Avropa diplomatlarına görə, Gürcüstan sanksiya tətbiq edilən şəxslərin iştirakında israr edib, bu isə Aİ üçün qəbuledilməzdir. Brüssel vurğulayıb ki, görüş "Gürcüstan tərəfinin yaratdığı maneələr ucbatından" təxirə salınıb.
Gürcüstan daxili işlər nazirinin beş müavini var: Şalva Tadumadze, Aleksandr Daraxvelidze, Mariam Tabatadze, Roland Mesxi və Giorgi Saxokiya. Onlardan ikisi –Tadumadze və Daraxvelidze müxtəlif ölkələrin sanksiyaları altındadır.
Sanksiya altında olan digər nazir müavini Giorgi Butxuzi noyabrın 11-də vəzifədən azad edilib və yerinə Saxokiya təyin olunub.
Aİ hələlik Gürcüstanın yüksəkvəzifəli məmurlarına vahid sanksiyalar tətbiq etməyib. Ayrı-ayrı ölkələr isə "Gürcü Arzusu" təmsilçilərinə məhdudiyyətlər açıqlayıb.
Ötən il noyabrın sonunda Gürcüstan Avropaya inteqrasiyanın 2028-ci ilədək dayandırılmasını elan edib. O vaxtdan parlament binası qarşısında nümayişlər keçirilir. Etirazçılar növbədənkənar seçkilərin keçirilməsini, saxlanmış bütün nümayişçilərin buraxılmasını tələb edirlər.