Avropa İttifaqının (Aİ) səfirləri Ermənistana "ölümcül olmayan" hərbi yardım üçün 20 milyon avroluq paketi təsdiqləyiblər.
AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak paketin Ermənistan Silahlı Qüvvələri üçün tibbi avadanlıqları əhatələdiyini xəbər verir.
Paket ötən ilin yazında təklif edilmişdi. Amma Macarıstan onun təsdiqlənməsini bloklamışdı. Azərbaycan ilə yaxın münasibətləri olan Viktor Orban hökuməti Bakıya da oxşar təklifin irəli sürülməsini vacib saymışdı. Amma Budapeşt dekabrda vetonu qaldıracağını bildirmişdi.
Bu paket Aİ-nin Avropa Sülh Fondu (EPF) çərçivəsində indiyədək Ermənistana təqdim etdiyi ən böyük yardım paketidir. EPF beş il öncə yaradılıb, Brüssel onun vasitəsilə üçüncü ölkələrə hərbi təlim missiyalarını və hərbi avadanlıq ixracını maliyyələşdirir.
Ermənistan 2024-cü ildə EPF-dən ilk dəfə 10 milyon avroluq maliyyə alıb. Brüssel iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkəyə dəstəyi artırmaq niyyətindədir. Aİ-nin mövqeyincə, Rusiya Yerevanın qərbyönlü kursunu dəyişmək üçün ona təzyiq göstərəcək.