Ağdərə rayonu yaradılır

Ağdərə

Milli Məclisin bu gün, dekabrın 5-də keçirilən iclasında "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Sənədə əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.

Ağdərə rayonu (Mardakert) 1992-ci ildə ləğv edilmişdi. Onda onun ərazisi inzibati qaydada Tərtər, Ağdam və Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Bu rayon keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (1923–1991) zamanı Mardakert adlanıb.

Qarabağ münaqişəsi yarandıqdan sonra Azərbaycan, bir sıra ərazilər kimi, bu rayona da nəzarəti itirmişdi. Amma 1992-ci ildə Azərbaycan ona nəzarəti bərpa etdi. Lakin bu, bir ildən çox çəkməmişdi.

Ağdərə şəhəri bir də bu ilin sentyabrında erməni işğalından azad edilib.

Xatırlatma

1988-ci ildə başlanan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.