Rəsmi: Ağdamda mina partlayıb, ölən var

Sizin brauzer HTML5-i dəstəkləmir

Tovuz sakini: 'Azərbaycanın öz minasına düşmüşəm' (Arxiv)

Sentyabrın 23-də Ağdam rayonunun Mirəşəlli kəndi ərazisində mina partlayıb, bir nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd olunub ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Yerli saytların məlumatına görə, keçmişdə kəşfiyyatçı olmuş S.Əhmədov "Gizir Xanı" ləqəbi ilə tanınıb.

Rəsmi açıqlamaya S.Əhmədovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasından sonra ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 300-dən çox şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon (Ağdam rayon mərkəzi və bəzi kəndləri daxil) işğal olunmuşdu. Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrında birgünlük əməliyyatlarla bütün ölkədə suverenliyini bərpa edib.

Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ prezidentinin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Sənəddə onların biri-birlərinin ərazi bütövlüyünü tanıdıqları, qarşılıqlı iddiaları dayandıracaqları əks olunurdu.