Mayın 27-də səhər saatlarında Daxili Qoşunların hərbi qulluqçusu 1997-ci il təvəllüdlü Seyidağa Ömərovun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində xidmətdə olarkən minaya düşdüyü və partlayış nəticəsində ağır bədən xəsarəti aldığı bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, o, dərhal xəstəxanaya yerləşdirilib, sağ ayağının dizdən aşağı ətrafı amputasiyası edilib: "Hazırda vəziyyəti stabildir".
Xəritə mübahisəsi
Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 200-dən çox şəxs minaya düşüb. Onların 30-dan çoxunun həlak olduğu bildirilir.
Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Amma bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin geri alındığı açıqlanmışdı. Sonradan da prezident İlham Əliyev həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.
Lakin buna cavab olaraq Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, onlar xəritələrin "yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər".
Xatırlatma
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.