Ağ ev CNN, MS NOW və 'Politico' jurnalistlərinin girişinə icazə verməlidir – məhkəmə qərarı

Donald Tramp

ABŞ federal məhkəməsinin hakimi Tim Kelli Tramp administrasiyasından CNN, MS NOW və "Politico" jurnalistlərinin Ağ evə giriş qadağasını qaldırmağı tələb edib. Bu qərar media qurumlarının Ağ evə qarşı açdıqları məhkəmə işi tam yekunlaşana qədər qüvvədə qalacaq.

Hakim qərara alıb ki, Tramp jurnalistlərin Ağ evə girişinə qadağa qoymaqla, böyük ehtimalla, qanunu pozub. O həmçinin vurğulayıb ki, Ağ ev rəhbəri bu qurumların fəaliyyətini məhz xəbərləri qərəzli saydığı üçün məhdudlaşdırıb və bunun milli təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. Ədliyyə Nazirliyinin hüquqşünasları isə məhkəmədə qadağanı milli təhlükəsizlik səbəbləri ilə əsaslandırmağa çalışıblar.

"Axios" nəşri yazır ki, hakimin qərarı iddiaçıların Oval kabinet və prezident təyyarəsi kimi mühüm məkanlara girişinə zəmanət vermir. Ağ ev jurnalistlərin "Air Force One" prezident təyyarəsindəki mətbuat konfranslarına qatılmasına qadağa qoyub.

Sentyabrda Tramp CNN, MS NOW və "Politico" jurnalistlərini saxta xəbərlər yaymaqda günahlandıraraq onların Ağ ev ərazisinə girişinə qadağa qoyub.

Media qurumları qadağanın ABŞ Konstitusiyasında əksini tapan hüquqlarını pozduğunu bildirərək onun ləğvi tələbi ilə məhkəməyə üz tutublar. Onlar Trampın bu addımını hadisələri işıqlandırmalarına görə qisas almaq cəhdi sayırlar.