Həbsdə Afiəddin Məmmədova qadağa qoyulduğu deyilir

Sizin brauzer HTML5-i dəstəkləmir

İctimai fəal həbsxanadan şikayət edir, deputat isə 'problem varsa, həll edilməlidir' deyir

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sədri Afiəddin Məmmədovun telefonla danışmaq hüququna qadağa qoyulduğu bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıb.

Yaxınlarının vurğulamasına görə, buna səbəb kimi onun sonuncu müsahibəsi göstərilib. Aldıqları məlumata görə, digər məhbusları A.Məmmədova qarşı mübahisəyə təhrik edirlər.

Bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, oxşar şikayətlərlə bağlı deyirlər ki, onlar həbsdə olan şəxslərlə yalnız qanun çərçivəsində davranırlar.

Ötən həftə "MeydanTV işi" üzrə həbsdə olan jurnalist Ülviyyə Əli A.Məmmədovdan müsahibə almış və həmin müsahibə bəzi saytlarda yayılmışdı. Müsahibəsində A.Məmmədov deyirdi ki, siyasi məhbusların vəziyyəti bərbad gündədir. (qaçaqmalçılıqda ittiham edilən Ü.Əli ittihamı qurama və siyasi sayır. Həmin iş üzrə 10 civarında jurnalist eyni ittihamla tutulub. Onlar da ittihamı qəbul etmirlər)

Məhkumların telefon danışıqları onlara təyin edilən cəzanın növünə görə fərqləndirilir. Müəyyən müddətə həbs edilmiş şəxslər həftədə iki dəfə, ömürlük cəza alanlar isə həftədə bir dəfə 15 dəqiqə telefonla danışmaq hüququna malikdirlər.

Yerli-hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 390-dən çox siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması haqda deyilənləri qəbul etmirlər. Onlar bildirirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xatırlatma

A.Məmmədov bu il yanvarın 14-də 8 il azadlıqdan məhrum edilib. O, 2023-cü il sentyabrın 20-də tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. O, ittihamı qurama, siyasi sayır.

A.Məmmədov 2022-ci ildə "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasını yaradıb, onlar işçilərin problemlərini işıqlandırıblar. Az sonra həm A.Məmmədov, həm də "İşçi Masası"nın bir neçə üzvü həbs olunub. Rəsmi ittihamlar xuliqanlıq, narkotik və s. olub. Məhkəmə bu ittihamları təsdiqləyib onları azadlıqdan məhrum etsə də, onlar sırf işçilərin, əmək haqları pozulan vətəndaşların səslərini ictimailəşdirdikləri üçün həbs olunduqlarını deyirlər.