Heydər Əliyev Beynəlxalq Aeroportunda bu il sentyabrın 10-dan tətbiq edilən yeni tarif siyasəti ölkə Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.
Bu barədə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının apardığı monitorinqin nəticələri ilə bağlı məlumatında bildirilir.
"Yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur", - məlumatda vurğulanır.
Dövlət qurumlarına monitorinqin nəticələri ilə bağlı müraciət ünvanlanacaq.
Hələlik, bu açıqlamaya Heydər Əliyev Beynəlxalq Aeroportunun, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) və başqa aidiyyəti qurumların münasibəti bəlli deyil.
Xatırlatma
Son həftələr yerli saytlarda yayılan məlumatlara görə, Bakı aeroportundan sərnişindaşımalar ilə bağlı yeni qaydalar qəbul edilib. Vurğulandığına görə, hava limanından sərnişindaşımalar yalnız bu qaydalara tam cavab verən taksilər vasitəsilə həyata keçirilir. Əlavə edilirdi ki, bununla bağlı taksi operatorlarının mobil tətbiqlərində hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb. Bu kateqoriya üzrə qiymətlərin isə yüksək olduğu deyilirdi. Bildirilirdi ki, aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Əlavə olaraq, vurğulandığına görə, hava limanı ərazisində yeni taksi terminalı quraşdırılıb və bu terminal vasitəsilə taksi sifarişlərinə xüsusi tariflər tətbiq olunur ki, həmin tariflər də 20-30 manat arasında dəyişir.
Qeyd olunub ki, yeni qaydaların icrasında əsas məqsəd hava limanından şəhərə səyahətləri maksimum rahat və keyfiyyətli etməkdir.