Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) üzvü Hüseyn Məlikin inzibati qaydada həbs olunduğu bildirilir.
Bu barədə Azadlıq Radiosuna həmin partiyadan məlumat verilib.
ADR-dən vurğulanıb ki, Məlik oktyabrın 10-da günorta saatlarında saxlanıb:
"Hüseyn bəyi Bakıda 41-ci polis bölməsinə aparıblar. Buna səbəb güya, ona əvvəl bildirilməsinə görə, Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun sosial şəbəkədə hansısa postuna yazdığı hansısa şərhi olub. Daha sonra Hüseyn bəyi İnzibati Xətalar Məcəlləsinin 510 ( Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə 30 sutka müddətinə həbs ediblər. Qərarı Səbail Rayon Məhkəməsi çıxarıb".
ADR-dən qeyd ediblər ki, H.Məlikin səhhətində ciddi problemlər var: "O, ağır ürək əməliyyatını keçirib, diabetdən əziyyət çəkir".
Partiyada onun həbsini "siyasi sifariş” adlandırıblar.
Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Səbail Rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.
Hüseyn Məlik bundan əvvəl də inzibati qaydada həbs edilib.
Müxalifətdə olan və qeydiyyata alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu da hazırda həbsdədir.
O isə saxta pul və ya qiymətli kağızlar, habelə dini ekstremist materialları hazırlama, saxlama, yaymada günahlandırılır.
Qubad İbadoğlu da ittihamları siyasi sayır.
Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri qəbul etmirlər.
Q.İbadoğlu ilə bağlı istintaq yekunlaşmayıb.