ADO teatrının rəhbəri Elmin Bədəlov və fəal Kamran Məmmədovun iyulun 15-də axşam saatlarında sərbəst buraxıldığı bildirilib.
Bu məlumatı Elmin Bədəlov özü də təsdiqləyib. Amma Bədəlovun sözlərinə görə, ona sabah, iyulun 16-da səhər saat 11-də yenidən polisdə olması tapşırılıb.
Bu deyilənləri hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, iyulun 15-də ADO teatrının rəhbəri Elmin Bədəlovu Bakının Qış parkında "Bunker" adlı küçə tamaşasını göstərəndən sonra polisin saxladığı bildirilir.
Küçə tamaşalarının incəsənətin inkişafı üçün çox vacib olduğunu deyən Bədəlov özü bildirib ki, artıq 3 ildir həmin tamaşaları nümayiş etdirmək üçün hüquqi prosedurlara başlayıb :
"Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. İcazə verilməyəndə isə məhkəməyə üz tutduq. Məhkəmənin birinci instansiyası xeyrimizə qərar versə də, Apellyasiya Məhkəməsi isə həmin qərarı ləğv etdi".
Buna da bax: Binadan binaya "sürgün" edilən "ADO" teatrının hələ yaşamağa səbəbləri var
O qeyd edib ki ADO teatrının bu gün, iyulun 15-də 8 yaşı tamam olub :
"Mən istədim 9-cu sezonu küçə tamaşası ilə açım. Çünki teatrımız koronavirus pandemiyası və maliyyə çətinlikləri ucbatından məkanını itirib".
Bu açıqlamanı verəndən və tamaşadan sonra əraziyə gələn polis əməkdaşlarının Bədəlovu və gənc fəal Kamran Məmmədovu saxladığı deyilir.
Digər fəalların verdikləri məlumata görə, saxlananlar Yasamal rayonunun 27-ci Polis Bölməsinə aparılıb.
Deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək hələlik mümkün olmayıb.