Adil Əliyevə töhmət verilib

Suraxanı rayon İcra Hakimiyyəti başçısı Adil Əliyev

Bu gün, fevralın 17-də Bakı şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Yerli saytlarının məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib ki, icra başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

E.Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini tənqid edərək bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını vurğulayıb. Bildirilir ki, yol verilən nöqsanlara görə Suraxanı rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.

Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.

Xəbərdə vurğulandığına görə, Suraxanı icra başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Müşavirədə səslənən fikrilərlə bağlı A.Əliyevlə ayrılıqda danışmaq mümkün olmayıb.

Xatırlatma

A.Əliyev 2024-cü ildən bu vəzifəni tutur. O, 2005-ci ildən başlayaraq üç çağırış Milli Məclisin üzvü olub. 2020-2024-cü illərdə Milli Məclis sədrinin müavini postunu tutub. 1994-cü ildən deputat seçilənə qədər Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Paytaxt Bakıda tək qeyd edilən rayonlarda yox, digər ərazilərdə də sanitar təmizliklə bağlı vaxtaşırı şikayətlər eşidilir. Şikayətlərə görə, bəzi ərazilərdə məişət və tikinti tullantılarının yığılmaması ciddi ekoloji, sanitariya problemləri yaradır.

Son illər Azərbaycanda icra başçılarına töhmət vermək hallarına daha çox rast gəlinir. Məsələn, ötən il avqustun 29-da prezident İlham Əliyev 10 ay əvvəl Ağdaş rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin etdiyi Orxan Hüseynzadəyə işində "ciddi" nöqsanlara görə şiddətli töhmət vermişdi. Amma sərəncamda nöqsanların konkret nədən ibarət olduğu göstərilmirdi.