Noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkiləri keçirilir. Nümayəndələr Palatasındakı 435 yerin hamısı, Senatdakı 100 yerdən 35-i uğrunda mübarizə gedir.
Təxminən 50 milyon insan artıq erkən səsvermədə iştirak edib. “Amerikanın Səsi” 2022-ci il aralıq seçkilərində ümumilikdə 112 milyon nəfərin səs verdiyini yazır. ABŞ-də 210 milyondan çox qeydiyyatdan keçmiş seçici var.
Hazırda Konqresin hər iki palatasına prezident Donald Trampın Respublikaçılar Partiyası cüzi üstünlüklə nəzarət edir. İctimai rəy sorğuları demokratların Nümayəndələr Palatasına seçkiləri qazanmaq ehtimalının yüksək olduğunu göstərir. Demokratların namizədləri Miçiqan, Ayova, Kanzas, Alyaska kimi əsas ştatlarda udsalar, Senatda da çoxluğu əldə edə bilərlər.
Texasda 40 ildən çoxdur Demokratlar Partiyasının namizədi qalib gəlmir. Sorğulara görə, demokrat Ceyms Talarikonun şansları rəqibi Ken Pakstonunkundan bir qədər yüksəkdir.
Prezident Tramp seçki kampaniyasında fəal iştirak edib. O, tərəfdarlarına deyib ki, özü namizəd olmasa da, respublikaçılar səsvermə bülletenində Trampın adı varmış kimi səs verməlidirlər. Prezident xəbərdarlıq edib ki, demokratlar Konqresə nəzarəti ələ keçirsələr, administrasiyanın təşəbbüslərini bloklayacaqlar, impiçment proseduruna başlaya bilərlər.
Yanacağın bahalanması seçki kampaniyasına təsir göstərib. Trampın opponentləri bunu İrana qarşı hərbi əməliyyatın birbaşa nəticəsi hesab edirlər. Tramp isə məsuliyyətin bir hissəsini Ukraynadakı müharibənin, Ukraynanın Rusiyada neft emalı zavodlarını vurmasının üzərinə qoyur.
Bir çox demokratlar İrandakı müharibəni, administrasiyanın İsrailə münasibətdə siyasətini tənqid edirlər. Onlar administrasiyanı avtoritar meyillərdə ittiham edirlər.
Trampın tərəfdarları isə ABŞ iqtisadiyyatının ümumilikdə yaxşı vəziyyətdə olduğunu vurğulayırlar. Onlar Amerikanın dünyadakı mövqelərinin gücləndiyini deyir, Venesuelada hakimiyyət dəyişikliyini, Amerikanın Qrenlandiya üzərində nəzarətinin genişlənməsini buna əsas gətirirlər.