Oktyabrın 1-dən ABŞ-də federal hökumətin bağlanması (şatdaun) prosesi başlayıb. Respublikaçılar və demokratlar hökumətin maliyyələşdirilməsi üzrə razılığa gələ bilməyiblər.
Bu, 2019-cu ildən bəri ilk şatdaundur.
Respublikaçılar demokratlardan mövcud maliyyələşdirməni yeddi həftə uzatmağı tələb edirlər. Demokratlar isə Senatda hər hansı maliyyələşdirmə layihəsinə səs vermək üçün güzəştlər istəyirlər. Əsas tələb milyonlarla amerikalı üçün bu ilin sonu bitəcək səhiyyə imtiyazlarının uzadılmasıdır. Respublikaçılar bu məsələyə ayrıca baxılmalı olduğunu deyirlər.
CNN yazır ki, senatorlar 30 sentyabr axşamı Kapitolini dərin qeyri-müəyyənlik içində tərk ediblər. Şatdaunun nə qədər çəkəcəyi bilinmir.
Oktyabrın 1-də Senat yenidən respublikaçıların eyni layihəsini səsverməyə çıxaracaq. Onlar deyirlər ki, hökuməti yenidən açmaq üçün yetərincə demokrat səs verməyənəcən bu plan gündəmdə qalacaq.
Federal hökumətin bağlanması yüz minlərlə federal işçinin məzuniyyətə göndərilməsi deməkdir. Vacib sayılan işçilər işə çıxacaqlar, amma çoxu şatdaun bitənəcən maaş almayacaq. Konqresdən illik ayırmalarla maliyyələşməyənlər isə maaşlarını alacaqlar.
Bu, 1981-ci ildən bəri 15-ci şatdaundur.
Hökumətin bağlanması nəticəsində sentyabr üçün məşğulluq hesabatı yayımlanmaya bilər. Hava səyahətinin azalacağı, elmi tədqiqatların təxirə düşəcəyi gözlənilir. ABŞ hərbçilərinin maaşı ödənməyə, 750 min federal işçi məzuniyyətə göndərilə bilər ki, bu da günə 400 milyon dollara başa gələr.
Federal hökuməti köklü dəyişdirmək istəyən Donald Tramp administrasiyası dekabradək 300 minədək işçini ixtisar etməyi planlaşdırır. Tramp Konqresdəki demokratlara xəbərdarlıq edib ki, şatdaun daha çox iş və proqramların kəsilməsi kimi "qarşısıalınmaz" addımların yolunu aça bilər.
Müstəqil təhlilçilər bu dəfə şatdaunun əvvəlkilərdən daha uzun çəkə biləcəyini deyirlər.
ABŞ tarixində ən uzun şatdaun 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarınadək – 35 gündən artıq çəkib. Trampın ilk prezidentliyi dövründə sərhəd təhlükəsizliyi ilə bağlı mübahisə yaranmışdı.