'Reuters': ABŞ Puerto-Rikodakı bazanı bərpa edir, Venesuelaya qarşı əməliyyatda istifadə oluna bilər

ABŞ-yə məxsus F-35 Puerto-Rikodakı keçmiş "Ruzvelt Rouds" hərbi-dəniz bazasında.

ABŞ ordusu Karib dənizi regionunda yerləşən "Ruzvelt-Rouds" adlı hərbi-dəniz bazasını yenidən qurmağa başlayıb. Bu haqda "Reuters" peyk təsvirlərinə istinadla yazıb. Kadrlarda işçilərin uçuş-enmə zolağına gedən yolları təmizlədikləri, yenidən asfalt çəkdikləri görünür.

Baza 20 il öncə bağlanıb. "Reuters" bildirir ki, təmir işləri ABŞ ordusunun Venesuelaya qarşı mümkün əməliyyatlara hazırlaşdığını göstərə bilər. Bu arada ABŞ Puerto-Rikoda və Venesueladan təxminən 800 kilometr aralı yerləşən Sent-Krua adasında mülki hava limanlarında da obyektlər tikir, bərpa işləri aparır.

ABŞ silahlı qüvvələrinin üç təmsilçisi və üç dəniz eksperti Vaşinqtonun bu addımlarının Venesuela rəhbərliyinə, prezident Nikolas Maduraya təzyiq göstərmək niyyəti ilə izah ediblər. Sentyabrdan ABŞ Karib dənizində narkotik daşıdığı iddia olunan gəmilərə, sualtı qayıqlara qarşı əməliyyatlar aparır. Bir neçə sualtı qayığın batırıldığı bildirilir.

Tramp Venesuelaya qarşı hərbi hücum planlaşdırmadığını bildirir. Ancaq media iddia edir ki, Ağ ev artıq bu əməliyyat planlarını razılaşdırıb. "The Financial Times" Vaşinqtonun Venesuelaya hərbi müdaxiləsinin üç mümkün ssenarisindən yazmışdı: narkoticarətlə əlaqəli obyektlərə raket və dron zərbələri endirmək; prezident Maduronun və yaxınlarının ələ keçirilməsi əməliyyatı və tammiqyaslı işğal. Qəzet bu ssenarilərin reallaşma ehtimalının aşağı olduğunu da yazmışdı.

"The Washington Post" isə qeyd edir ki, Maduro potensial ABŞ əməliyyatlarına görə Rusiyadan və Çindən hərbi yardım istəyib. Qəzetin yazdığına görə, "Aviacon Zitotrans" şirkətinə məxsus İl-76 nəqliyyat təyyarəsi Rusiyadan Venesuelaya uçub. Bəzi ekspertlər həmin uçuşun "Vaqner" özəl hərbi şirkəti və ya oxşar yarımhərbi qurumlarla əlaqəli ola biləcəyini ehtimal ediblər.