ABŞ-nin Venesuela ərazisinə zərbə endirdiyi ehtimal olunur

Panama bayrağı altında üzən "Centuries" gəmisinin üzərindən ABŞ hərbi helikopteri uçur.

ABŞ prezidenti Donald Tramp amerikalı hərbçilərin sahilboyu ərazidə narkotiklərin yükləndiyi liman qurğusuna zərbə endirdiyini bildirib. Bunu prezident dekabrın 29-da İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.

Tramp zərbənin hansı ölkənin ərazisinə endirildiyini açıqlamayıb. Amma şərhçilər Trampın Venesuelanı nəzərdə tutduğunu ehtimal edirlər. İki gün öncə D.Tramp radiomüsahibəsində deyib ki, ABŞ Venesuelada gəmilərin yola salındığı iri bir obyekti məhv edib. Dekabrın 29-da jurnalistlərin Venesueladakı partlayışla bağlı sualına cavabında prezident "narkotiklərin qayıqlara yükləndiyi dokda böyük partlayış nəticəsində" yükləmə zonasının məhv edildiyini bildirib.

Ağ ev və Pentaqon təmsilçiləri hələlik prezidentin bu bəyanatlarını şərh etməyiblər. Prezident Trampın bildirdiyi zərbə gerçəkdən də Venesuelaya endirilibsə, bu, həmin ölkə ərazisinə ilk belə zərbə sayılar. İndiyədək ABŞ hərbi-dəniz qüvvələri Karib dənizində sürətli qayıqları məhv edib. Pentaqon iddia edir ki, həmin qayıqlar narkotiklərin ABŞ-yə qeyri-qanuni daşınması üçün istifadə olunur.

Son aylar Tramp həm Venesuela ərazisində, həm də digər ölkələrdə narkokartellərlə əlaqəli obyektlərə zərbələrin mümkünlüyü barədə xəbərdarlıq edib. Ağ ev bildirir ki, Karib dənizində əməliyyatın məqsədi ABŞ-yə narkotik axınının önləməkdir.

Venesuela rəhbəri Nikolas Maduro isə ABŞ-nin onun ölkəsinə müdaxiləyə hazırlaşdığını, onu hakimiyyətdən kənarlaşdırmaq istədiyini iddia edir.