ABŞ prezidenti Donald Trampın administrasiyası yeni milli təhlükəsizlik strategiyasını açıqlayıb. Sənəd Tramp administrasiyasının başlıca xarici siyasət parametrlərini əks etdirir ki, bir sıra vacib məsələlərdə əvvəlki administrasiyanın baxışı ilə üst-üstə düşmür.
33-səhifəlik sənəddə, digər məsələlərlə yanaşı, Avropa İttifaqı (Aİ) də daxil Birləşmiş Ştatların bir neçə tərəfdaşı tənqid olunur, Rusiya ilə münasibətlərdə strateji sabitliyin bərpasının zəruriliyindən danışılır.
Demokratiya
Strategiyaya əsasən, aparıcı dünya gücü kimi ABŞ digər dövlətlərin işləri ilə maraqlanmaya bilməz, ancaq ölkələr Vaşinqtonun diqqət mərkəzinə yalnız o halda düşəcəklər ki, hərəkətləri Amerika maraqlarına birbaşa toxunsun. Vurğulanır ki, demokratiyanın inkişafında ABŞ digər ölkələrə öz standartları ilə yanaşmayacaq.
Çin
Çinlə münasibətlərə, əsasən, "daha ədalətli" ticarət əlaqələri kontekstində toxunulur. Bildirilir ki, ABŞ Asiya-Sakit Okean regionunda müharibəni önləməkdə maraqlıdır, əvvəlkitək Tayvan məsələsində status-kvonun pozulmasına - Çinin adanı güc yolu ilə nəzarətə götürməsinə qarşıdır.
Ukrayna müharibəsi
Sənəddə Ukraynada atəşkəs razılaşmasının əldə olunması, Rusiya ilə Avropa ölkələri arasında silahlı qarşıdurma riskinin azaldılması "Birləşmiş Ştatların başlıca marağı" adlandırılır.
Konsepsiyada Rusiyaya qarşı, demək olar ki, tənqid yoxdur. Əksinə, Aİ ölkələrinin hökumətləri tənqid olunur, bəzilərində hakimiyyətin söz azadlığını və siyasi müxalifəti boğduğu iddia olunur. (sağçı populist qüvvələr nəzərdə tutulur)
Bildirilir ki, Avropa rəsmilərinin Ukraynadakı müharibənin nəticəsi ilə bağlı "qeyri-real" gözləntiləri var: "Avropalıların əksəriyyəti sülh istəyir, lakin bu istək siyasətdə əks olunmur, əsasən də hökumətlər demokratik prosesi pozduğu üçün".
"Qeyri-avropalı" Avropa
Sənəddə deyilir ki, kütləvi miqrasiya səbəbindən bir sıra Aİ və NATO ölkələri "kimliklərini itirə", "əsasən qeyri-avropalı" ola bilərlər, - və bundan sonra onların ABŞ ilə münasibətlərinin necə inkişaf edəcəyi bəlli deyil. Amma vurğulanır ki, ABŞ Avropa ilə tərəfdaşlıqdan imtina etməməli, əksinə, onun öz kursunu dəyişdirməsinə nail olmalıdır: Amerika Avropanın hərəkətinin hazırkı trayektoriyasına müqaviməti təşviq etməlidir.
NATO
Rusiya ilə razılaşmalar əldə etməklə Avropada strateji sabitliyin bərpası prioritetlərdən biri adlandırılıb. Bildirilir ki, Rusiya ilə Aİ arasında münasibətlərin yaxşılaşdırılması ABŞ tərəfindən böyük diplomatik səylər tələb edəcək.
NATO ilə bağlı deyilir ki, onun "daim genişlənən ittifaq" kimi qavranılmasından imtina olunmalıdır.
ABŞ vitse-prezidenti Cey Di Vens hələ fevralda Münhen konfransında Aİ ölkələrini tənqid edərək, onları söz azadlığını və demokratik prosesləri yatırmaqda günahlandırıb. Avropa ölkələri və Aİ liderləri Tramp administrasiyası ilə birbaşa qarşıdurmadan çəkinərək transatlantik birliyin qorunub saxlanmasının zəruriliyini bəyan ediblər. Onların bir çoxu düşünür ki, hərbi xərclərin artırılması da daxil Ağ evin tələbləri əslində Avropa və onun strateji muxtariyyət əldə etməsi üçün faydalı olub.