ABŞ prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaların qaldırılmasına göstəriş verəcəyini bildirib.
Səudiyyə Ərəbistanında investisiya forumunda çıxış edən ABŞ prezidenti "Mən Suriyaya qarşı sanksiyaların dayandırılması barədə göstəriş verəcəyəm ki, onlara yenidən böyümək üçün bir şans verilsin" deyə bildirib.
O, müvafiq qərarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla vəziyyəti müzakirə etdikdən sonra verdiyini açıqlayıb.
Türkiyənin dövlət xəbər agentliyi "Anadolu" məlumat yayıb ki, Ərdoğan Ər-Riyadda Tramp, Məhəmməd bin Salman və Suriya prezidenti Əhməd əş-Şaraanın bir araya gəldiyi görüşə onlayn qatılıb.
Prezident Tramp sanksiyaların dəqiq nə vaxt götürüləcəyini açıqlamayıb. O əlavə edib ki, "bu həftə" ABŞ dövlət katibi Marko Rubio ilə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani arasında görüş keçiriləcək.
Dəməşq Trampın sanksiyaların ləğvi ilə bağlı açıqlamasını alqışlayıb. "Bu sanksiyalar daha əvvəl keçmiş diktator Əsəd rejiminə qarşı tətbiq olunsa da və onun süqutuna töhfə versə də, hazırda onlar birbaşa Suriya xalqına təsir göstərir və müharibədən sonrakı bərpa və yenidənqurma prosesinə mane olur", – əş-Şeybani dövlət agentliyi SANA-ya verdiyi müsahibədə bildirib.
ABŞ sanksiyalarının tezliklə ləğvi xəbəri Suriyada sevinclə qarşılanıb. DPA agentliyi xəbər verib ki, Dəməşq, Homs və digər şəhərlərdə suriyalılar kütləvi şəkildə meydanlara çıxıblar.
"The Times" daha əvvəl yazıb ki, Suriya lideri əş-Şaraa Trampa Vaşinqtonun Kiyevlə imzaladığı sazişə bənzər, təbii resurslarla bağlı bir saziş təklif edib. Nəşrin mənbələri bildirib ki, Suriyanın paytaxtında "Tramp Tower"in tikintisi ideyası da müzakirə olunub.
Suriyada Bəşər Əsəd rejimi 2024-cü ilin dekabrında devrilib və keçmiş prezident Rusiyaya qaçıb. Əsəd devrildikdən sonra Əhməd əş-Şaraa Suriyanın keçid prezidenti olub.