ABŞ ordusu Suriyadakı əsas bazasından çıxmağa başlayıb

Suriyanın şimal-şərqindəki əl-Həsəkə əyalətində hərbi texnikanın daşınması.

Fevralın 23-də ABŞ qüvvələri Suriyanın şimal-şərqindəki ən böyük bazasından çıxmağa başlayıb. "Reuters" bu barədə üç suriyalı hərbi və təhlükəsizlik mənbəyinə istinadla yazır.

Şahidlərin sözlərinə görə, bu gün səhər əl-Həsəkə vilayətinin Qəsrək bazasından onlarla yük maşını çıxıb, onların bəzisi zirehli texnika daşıyıb. "Reuters" yük maşınlarının Qamışlı şəhərinin kənarındakı magistral yolla hərəkət etdiyini lentə alıb.

ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) elektron məktuba cavab verməyib.

Qəsrəkdən savayı, ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın İraq sərhədi yaxınlığında, "Xarəb əl-Cir" kimi də tanınan Rmelan bazası da var.

Qəsrək bazası ABŞ-nin "İslam Dövləti"nə qarşı qlobal koalisiyanın əsas mərkəzlərindən biri olub. Təxminən 10 il öncə ABŞ qoşunları Suriyada kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri ilə birlikdə bu cihadçı qrupa qarşı mübarizə aparıb.

ABŞ-nin planlarından məlumatlı suriyalı hərbi rəsmilərdən biri çıxışın təxminən bir ay çəkəcəyini deyib. Amma bunun müvəqqəti, yoxsa daimi olduğu hələ aydın deyil.

Əhməd əş-Şaraa hökuməti ötən ay ölkənin şimal-şərqində böyük ərazilərə nəzarəti Suriya Demokratik Qüvvələrindən alıb. Bundan sonra ABŞ qüvvələri Həsəkə vilayətindəki Əş-Şəddadi bazasından, Suriya-İraq-İordaniya sərhədlərinin kəsişməsindəki Ət-Tənf qarnizonundan da çıxıb.